“Paşinyanın "məxməri inqilab"ı iri addımlarla iflasa doğru irəliləyir”


“Paşinyanın komandasında “yarpaq tökümü” başladı”.

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, ermənilərin “Rembo”su istefaya gedib: 

“Ermənistanın baş kəşfiyyatçısı, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın hay-küylü bəyanatla öz postundan istefa verməsi Nikol Paşinyan üçün böyük bir zərbə oldu. Lakin sıravi ermənilər üçün bu istefa heç də gözlənilməz deyildi. Əksinə, erməni sosial şəbəkə istifadəçiləri Vanesyanın istefa qərarına karikaturalarla, kollajlarla, sarkazm dolu statuslarla reaksiya verdilər.



Bəziləri isə onu guya Ermənistanda korrupsiyaya, büdcə oğurluqlarına, oliqarxlara, mafiya başçılarına qarşı total mübarizə aparan qorxmaz personaj, "Rembo" obrazında təqdim edən gülməli posterlər də paylaşdılar. Bir sözlə, Vanesyanın istefa qərarı erməni ictimaiyyəti tərəfindən kütləvi ironiya ilə qarşılandı. Çünki hamı onu MTX rəhbəri qiyafəsinə bürünmüş quldurbaşı, bandit hesab edir”. 

Ə.Hüseynovun sözlərinə görə, o, Nikol Paşinyanın “xeyir-dua”sı ilə hazırkı hakimiyyətin xoşuna gəlməyən istənilən siyasətçinin və oliqarxın evinə silahlı dəstə ilə basqın edirdi: 

“Ofis və qərargahlarda sanksiyasız axtarışlar aparır, adamları təhqiramiz şəkildə həbs edərək naməlum ünvanlara aparır, onlara işgəncələr verirdi. Ancaq indi birdən-birə Paşinyanın yürütdüyü siyasətin əleyhinə çıxır. O, hazırki hakimiyyəti qərarları necə gəldi verməkdə, hədəflərin qeyri-müəyyənliyində ittiham edir. Deyir ki, “aparılan siyasət zabit andına uyğun deyil”. Vanesyanın son cümləsi “Dayanın!” ifadəsi ilə bitir. Vanesyanın bu addımı əslində Paşinyana qarşı açıq şəkildə müharibə elan etməkdir.

O, Paşinyanın "sağ əli" sayılırdı. Lakin onların yaxınlığı istefanın qarşısını ala bilmədi. Onun istefası həm də Paşinyan iqtidarının çöküşünün ən haylı-küylü anonsudur. Bu da sonun başlanğıcı deməkdir. Paşinyanın "məxməri inqilab"ı iri addımlarla iflasa doğru irəliləyir”.