“Məhz bundan sonra Kremlin Ermənistana münasibəti dəyişdi” - Politoloq


“Rusiya Paşinyan hökumətinin siyasətindən narazıdır”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Natiq Miri deyib. 

Ekspert bildirib ki, bu informasiya ortalığa gəlmədən öncə Rusiya prezidenti Putin Koçaryanı təbrik etmişdi: 

“Bu təbrik Ermənistan hökumətinə bir mesaj idi ki, Koçaryanın həbsdə olması Moskvanın maraqlarına uyğun gəlmir. Çünki sabiq prezidentin təbrik edilməsi sadə məsələ deyildi və məqsədli şəkildə gündəmə daşınmışdı. Təbrik mesajından sonra Rusiyanın Paşinyan hökumətindən müəyyən gözləntiləri var idi. Kreml zənn edirdi ki, növbəti məhkəmə prosesində Robert Koçaryan hüquqi çərçivədə həbsdən azad ediləcək. Ancaq İrəvan hökuməti Moskvanın gözlədiyi addımı atmadı.



Məhkəmədə Koçaryanın azadlığa buraxılması məqbul hesab olunmadı və o, həbsdə saxlanıldı. Məhz bundan sonra Kremlin Ermənistana münasibəti mənfi istiqamətdə dəyişdi. Avrasiya İttifaqının Ermənistanda keçiriləcək tədbiri ilə bağlı çox quru səviyyədə açıqlamalar verilməyə başlandı. Əslində, Rusiya prezidentinin müəyyən məsələləri Paşinyanla geniş müzakirə etmək istəməməsi Rusiya rəhbərliyi Paşinyan hökumətindən narazı olduğunu göstərir. Putin sadəcə olaraq protokol qaydasına uyğun olaraq Ermənistana səfər edəcək. Ancaq bu səfər çərçivəsində ciddi müzakirələrin olacağı gözlənilmir. Əslində Ermənistan siyasətçiləri arasında müzakirə olunan məsələlərdən də biri məhz budur. Bu, Rusiya rəhbərliyinin dolayı yolla Paşinyan hökumətinə etirazı olaraq dəyərləndirilir”. 

Analitik vurğulayıb ki, Rusiya rəhbərliyinin Ermənistan hökumətindən narazı olduğu açıq şəkildə hiss olunur: 

“Rusiyayönlü bəzi şəxslərin Paşinyan hökumətini tərk etməsi və ya baş nazir tərəfindən hakimiyyətdən uzaqlaşdırılması heç də təsadüfi deyil. Tərəflər arasında qarşılıqlı addımlar özünü bariz şəkildə göstərir. Bir tərəfdən Rusiya öz narazılığını ifadə edirsə, digər tərəfdən Paşinyan da Rusiyadan narazı qaldığını və buna demarş olaraq cavab verdiyini ortaya qoyur”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib. “168 jam” saytının məlumatına görə, Putin Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək toplantısında iştirak etmək üçün Ermənistana gələcək. Lakin Rusiya prezidenti İrəvanda qalmayacaq, yalnız bir neçə saatlıq səfər edəcək və toplantıdan sonra qayıdacaq. Məlumata görə, o, hətta rəsmi şam yeməyində də iştirak etməyəcək. Ermənistan tərəfi Paşinyanla Putinin ikitərəfli görüşü haqda xahiş edib, lakin Putin bu xahişi rədd edib.