İrəvan-Moskva əlaqələri korlanıb: Münasibətlər getdikcə daha da pisləşəcək

“İndiki Ermənistan rəhbərliyi Rusiya ilə siyasi və iqtisadi əlaqələri məhdudlaşdırmaq üçün kifayət qədər addım atıb”. Bunu Sherg.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

Ekspert bildirib ki, Rusiya tərəfi, Ermənistan-ABŞ münasibətlərinə, düşmən ölkədə baş verən siyasi proseslər prizmasından yanaşır: 

“Rusiyanın Ermənistandakı Cənubi Qafqaz dəmir yolu nümayəndəliyi bağlanmaq təhlükəsi ilə üz-üzədir. Bu amil Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərir. Ümumiyyətlə, iki ölkənin əvvəlki genişmiqyaslı əlaqələri getdikcə daralmaqdadır. Paralel olaraq Ermənistan-ABŞ və Ermənistan-Avropa ölkələri ilə əlaqələr indiki iqtidar tərəfindən stimullaşdırılır. Nikol Paşinyanın ABŞ-a səfəri Amerikadakı erməni diasporası ilə əlaqələri yaxşılaşdırmaq məqsədi daşıyır. Əlbəttə, Amerika kapitalının Ermənistana cəlb olunması ehtimalı Rusiyanın siyasi dairələrini ciddi narahat edir. Ermənistan Avrasiya İttifaqının cari sədri kimi bu quruma üzv ölkələrlə daha sıx münasibət qurmaq əvəzinə Qərblə yaxınlaşır. Los Anceles səfəri bu yaxınlaşma cəhdinin bariz nümunəsidir”. 

Analitikin sözlərinə görə, Paşinyanın səfəri Rusiyada həm narahatlıq yaradır, həm də bəzi suallar doğurur: 

“Moskvada deyirlər ki, necə ola bilər Ermənistan Avrasiya İttifaqına sədrlik etdiyi halda, Qərblə münasibətlərə daha çox üstünlük verir. Özü də Paşinyanın səfəri təşkilatın oktyabrın 1-də keçiriləcək sammitindən qısa müddət əvvəl baş verir. Ermənistan rəhbərliyi sammitə hazırlaşmaq əvəzinə zamanını Amerika sərgüzəştlərinə sərf edir. Halbuki, Paşinyan indiyədək Avrasiya İttifaqının heç bir üzv dövlətinə işgüzar səfər etməyib. Məhz bu amillər İrəvan-Moskva əlaqələrini korlayır və getidikcə münasibətlər daha da pisləşir”.  

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri və Rusiya prezident Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana qısamüddətli gəlişi ərəfəsində Moskvadan Paşinyana yeni hücumlar dalğası başlayıb. Çoxsaylı Rusiya nəşrləri Paşinyan barəsində tənqidi materiallar dərc edirlər. Məsələn, “Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyini bildirir. Məqalədə deyilir ki, bu inqilabdan il yarım sonra Ermənistan demokratik ölkəyə çevrilmədi. Əksinə, Qərb QHT-lərinin dediyi ilə oturub-duran avtoritar dövlət oldu. Yəni Ermənistan Amerika Birləşmiş Ştatların geosiyasi maraqlarının orbitində yer aldı.