AXCP-nin trollları: "Sədrin yalanlarına o qədər inanırlar ki, həqiqəti görmürlər"

“İstər siyasətdə, istərsə də ümumi halda kiminsə özəl həyatını müzakirə etməyin, ictimailəşdirməyin əleyhinəyəm. Ancaq məlum məsələdə şəxslər özləri ailə məsələlərini ictimaiyyətin müzakirəsinə çıxarıblar”. 

Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Partiya funksioneri bildirib ki, məsələ şiddətə məruz qalmaqdan daha çox bunları yaradan səbəblərdir: 

“Dünyanın gedişatını yenicə başa düşməyə başlayan bir qızın, atasını günahlandırmasının kökündə əslində atasını uzun illər öz siyasi fəaliyyətinə qurban verən AXCP rəhbərinin hiyləgərliyi və şəxsi mənafeyi durur. AXCP rəhbərliyinin göstərişi ilə hərəkət edən trol ordusunun dünənə kimi öz aralarında olan insanları qız, qadın demədən çirkin şəkildə hədəf almaları, onların nə qədər mənəviyyatsız olduqlarını sübut edir. Həmin insanlar bu halın onların da başına gələ biləcəyini unudurlar. Onları idarə edən rəhbər şəxs ailəsini respublikadan kənarda saxlamaqla, əslində hansı xislətin sahibi olduğunu göstərir. Amma onun dediklərinə kor-koranə əməl edənlər sədrin yalanlarına o qədər inanırlar ki, həqiqəti görmürlər”. 

A.Qasımovun sözlərinə görə, partiya daxilində formalaşan belə bir mühit qurumun siyasi gələcəyini sual altında qoyur: 

“Tezliklə partiyadan qopmalar daha da sürətlənəcək. Bunu elə-belə demirəm. Əli Kərimli öz müavininə bir müddət ara sakitləşənə kimi istefa verməsini tapşırıb. Onu yenidən geri qaytaracaq. Bu, Əli Kərimlinin xarakterindən, öz mənafeyini güdməsindən irəli gələn haldır. Əsas partiyadan qopmalar Ə.Kərimli sözünə əməl etməkdən imtina edəndən sonra baş tutacaq, tərəfdaşları onun əsl üzünü tanıyacaq. Hakimiyyətə iddialı olan bir partiya daxilində yaşananlar çox acınacaqlı və sıravi üzvləri üçün düşündürücüdür”.