Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb. Görüşdə nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf edən tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər. XİN başçıları bölgədə təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi də aparıblar. Hər iki tərəf dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlarını ifadə ediblər.
Nazirlərin müzakirəsini “Şərq”ə təhlil edən politoloq Qabil Hüseynli deyib ki, Keşikçi Dağ Məbədi sərhədlərin delimitasiyasını çətinləşdirən əsas məsələdir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi problemi sərhədlərin demarkasiyası çərçivəsində birdəfəlik həll olunmasını istəyir: “Məsələ ondadır ki, Keşikçi Dağ Məbədi ilə bağlı Tbilisi hökuməti maksimal tələblər irəli sürür və kompramisə yer qoymur. Ancaq iki ölkə arasındakı sərhəd məsələsi mütləq öz həllini tapmalıdır. Bu, nə qədər tez baş verərsə, bir o qədər yaxşıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi hələ həllini tapmayıb və bizə əlavə problem lazım deyil”.
Siyasi şərhçi xatırladıb ki, sabiq prezident Mixail Saakaşvili dövründə sərhədlərin delimitasiyası ilə bağlı kifayət qədər yol qət edilmişdi:
“Ərazi mübadiləsi yolu ilə problemin həllinə xeyli yaxınlaşmışdıq. Məsələn, Keşikçi Dağ Məbədi gürcülərə verilirdi və bunun əvəzində beş misli artıq ərazi Azərbaycanın nəzarətinə keçirdi. Saakaşvilinin hakimiyyətdən getməsi ilə məsələ yarımçıq qaldı və donduruldu. İndiki gürcü hökuməti isə Keşikçi Dağ Məbədinin yerləşdiyi ərazini tələb edir, amma bunun əvəzində heç nə vermək istəmir. Əgər indi hökumət nümayəndələri prosesin sona yaxınlaşdığını deyirlərsə, deməli, müəyyən güzəştlər əldə edilib. Ola bilər, kompleksdən ortaq istifadə olunmaqla bağlı da qərar verilsin. Hər halda kompramis qarşılıqlı olmalı və beynəlxalq hüququn normalarına əsaslanmalıdır”.