Erməni deputatla bağlı Rusiyanın tələbi: Mandatı alına bilər

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Ovannes İgityanın mandatı qurumun payız sessiyasından sonra əlindən alına bilər.

APA -nın Ermənistanda nəşt olunan "Joxovurd" qəzetinə istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasında və AŞPA-dakı nümayəndə heyətində onun təcili şəkildə digər deputatla əvəzlənməsi məsələsi müzakirə olunur. Buna səbəb O. İgityanın Rusiyanın AŞPA-da səsvermə hüququnun geri qaytarılması ilə bağlı iyun ayının 24-ü keçirilən səsvermədə iştirak etməməsi olub.

“Erməni deputatın mandatı ilə bağlı söhbətlər onun Rusiyanın AŞPA-da səsvermə hüququnun qaytarılması ilə bağlı səsvermədə iştirak etməməsindən sonra başladı. Bundan sonra onun səsvermədə iştirak etməməklə bağlı ukraynalı deputatlarla razılıq əldə etməsi haqqında söhbətlər yayıldı. Həmin vaxt bu xəbərlərlə əlaqədar Rusiya tərəfi ilə yaranmış problemi həll etmək mümkün oldu. İndi isə Rusiya tərəfinin tələbi qətidir - İgityan getməlidir. Artıq hakim fraksiyada Ovannes İgityanın yerinə digər namizəd axtarılır”, - qəzet mənbəyə istinadən yazır.