Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan və Rusiyanın vahid ölkə ola biləcəyini bildirib. Onun fikrincə, Rusiya rəhbərliyinin 2024-cü ilə qədər SSRİ-ni bərpa etmək planı var.
Saakaşvili həmçinin vurğulayıb ki, Gürcüstan rəhbərliyi Moskvanın təzyiqi ilə bağlı NATO-ya daxil olma kursundan imtina edə bilər.
Məsələni dəyərləndirən politoloq Azər Rəşidoğlu Sherg.az-a bildirib ki, SSRİ-nin hər hansı bir adda bərpası imkansızdır.
Onun sözlərinə görə, nə siyasi, nə iqtisadi, nə mədəni əlaqələri Sovet İttifaqı dövrünə qaytarmaq mümkün olmayacaq:
“Rusiyanın ortaya atdığı MDB iflasa uğradı. Avrasiya İttifaqı kimi modellər də perspektiv vəd etmir. Rusiya özü iqtisadi və digər problemlər içində çabalayır. Putin əleyhinə etirazlar güclənir. Rusiyada milli və dini zəmində qarşıdurmalar hər an partlaya bilər. İlk xarici müstəvidəki məğlubiyyət mövcud Rusiya hakimiyyətinin sonunu gətirəcək. Bu baxımdan, kimin nə deməsinin heç bir önəmi yoxdur. SSRİ heç vaxt bərpa edilməyəcək. Bu iddiaya dünya güclərinin reaksiyası da birmənalı mənfidir. Odur ki, belə sərsəmləmələrə ciddi önəm verməyə dəyməz”.