Məqsədləri mitinq yox, ara qarışdırmaqdır: Dəstək olmayanda bəhanələr ortaya çıxır

“AXCP-nın sosial bazası yoxdur deyə, onların məqsədi insanlar çox olan yerdə aksiyalarını reallaşdırmaq və diqqəti cəlb etməkdir”. Bu sözləri Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor bildirib ki, müxalif partiyalar mitinq keçirərkən insanlar çox olan yerləri seçirlər:

“Amma əhalinin gəzmək, ailəsi ilə istirahət etmək, asudə vaxtlarını rahat keçirmək hüququ var. Adi bir hadisə, hansısa qəza halları olanda belə insanlar bir yerə yığışan kimi hamı maraqlanır ki, görəsən nə baş verib. Ümumiyyətlə, mitinq dövrü keçib. Demokratik qanunlar, insan haqları, fikir və söz azadlıqları imkan verir ki, hər hansı bir formada fikrini çatdırasan. Dövlət rəhbərliyindən tutmuş məmurlara qədər hamısının sosial şəbəkələrdə hesabı var. Sosial şəbəkələrdə istənilən fikri ictimailəşdirmək mümkündür. Həqiqətən də AXCP-nin ciddi arqumentləri var idisə, fikirlərini yazılı formada belə olsa çatdırardılar. Yox əgər ara qarışdırıb suyu bulandıraraq məqsədlərinə nail olmaq istəyirlərsə, artıq o dövr keçib. Onların xəyalları, fikirləri nostalji mitinq dövrünə gedib çıxır”.



Bəhruz Quliyev: "Onların xəyalları, fikirləri nostalji mitinq dövrünə gedib çıxır"


B.Quliyev vurğuladı ki, insanların sosial rifahı günü-gündən yaxşılaşır, hakimiyyətin həyata keçirdiyi siyasətin əsasında insan amili dayanır:

“AXCP-nin söz demək zərurəti var idisə, niyə sözünü çatdırmadı? Yoxsa sosial bazası olmaya-olmaya insanların asudə vaxtlarını pozaraq onlara narahatçılıq vermək istəyirlər. Sonra da deyirlər ki, söz azadlığı və insan haqları "pozulub". Mitinq üçün yer də ayrıldı, amma gedib öz sözlərini demədilər. AXCP üçün nə fərqi var idi ki? Onların məqsədi sadəcə ara qarışdırmaq idi. Dövlətimiz vətəndaşların təhlükəsizliyi naminə lazım olan tədbirləri görür. Dövlətin ən böyük sərvəti onun vətəndaşıdır. Vətəndaşı qorumaq birbaşa hakimiyyətin borcudur. Hesab edirəm ki, AXCP-nin verdiyi açıqlamalar yersiz və mənasızdır”.

Qeyd edək ki, Milli Şura sentyabrın 28-də mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verimişdi. Lakin AXCP mitinqin keçirilməsinə imtina edib.