Saakaşvili Gürcüstana qayıda bilər: Əgər partiyası seçkilərdə uğur qazanarsa

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana dönəcəyi vaxtı açıqlayıb. O, 2020-ci ilin parlament seçkisinə qədər Gürcüstana geri dönəcəyini bildirib.

“Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlədəsi heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, amma biz vətənimizi itiririk”. 

Saakaşvili gürcü xalqı ilə birgə Bidzina İvanişvilinin Gürcüstandakı hakimiyyətinə son qoyacağını deyib:

“Mən gürcü xalqıyla birgəyəm. Mən siyasətçi deyiləm, mən müasir gürcü dövlətçiliyinin təsisçisiyəm, Gürcüstan vətənpərvəriyəm. Məni Gürcüstanda tutub-tutmayacaqları xalqdan asılıdır. Mən Ukraynada həbsdən qorxmadım, öz ölkəmdə də qorxmuram”.

Maraqlıdır, Saakaşvilinin Gürcüstana qayıtması və yenidən uğur qazanması mümkün ola bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirdi ki, Saakaşvilinin Gürcüstanla bağlı proqnozunun reallaşması bir qədər çətindir:

“Çünki ona cinayət işi açıla bilər. Hökümət çalışacaq ki, Saakaşvili sərhədi keçən kimi onu həbs etsin. Amma Saakaşvili onu da anlayır ki, həbsi böyük rezonans doğuracaq. Gürcüstan höküməti belə bir addım atmağa risk etməyə də bilər. Düşünürəm ki, bütün hallarda Saakaşvili bu dəfə məsələyə bir az realist yanaşacaq. Görsə ki, partiyasının parlamentdə qələbə çalma ehtimalı böyükdür, onda bəlkə də riskli addım atmaya bilər. Əgər partiyasının parlamentdə böyük səs çoxluğu qazanma ehtimalı olmayacaqsa, inanmıram ki, o Gürcüstana qayıdıb risk edə bilsin” .