Elçin Mirzəbəyli: "...İflasa uğradıqlarını yaxşı başa düşürlər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sentyabrın 28-də nəzərdə tutulan mitinqi ləğv olundu. Məlumdur ki, Milli Şura mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi.

BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib. Lakin AXCP mitinqin keçirilməsindən imtina edib. Heç bir sosial bazası olmayan AXCP tərəfdarlarının mitinqdən imtina etməsi isə sadəcə olaraq bir bəhanədir. 

Mövzu ətrafında fikirlərini Sherg.az-la bölüşən “Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, AXCP tərəfdarları çox yaxşı bilirlər ki, onların aksiyasına şüuru, ağlı, düşüncəsi yerində olan kimsə qatılamayacaqdı.

Onun sözlərinə görə, mitinqin təxirə salınacağı öncədən bəlli idi:

“Çünki AXCP tərəfdarları bilirdilər ki, hazırda istədikləri ərazilərdə təmir bərpa işləri gedir. Məhz bu səbəbdən onlara istədikləri yerin verilməsi mümkün deyil. Digər tərəfdən də müvafiq icra qurumları qərar verərkən vətəndaşların rifahını, yollarda onlar üçün heç bir problem yaranmayacağını nəzərə alırlar. Bir vətəndaşın hüququnun təmin edilməsi digər bir vətəndaşın hüququnun pozulmasına gətirib çıxarılmalı deyil. 

AXCP tərəfdarlarına normal bir yer göstərildi. Həmin ərzidə mitinqin keçirilməsi üçün imkanlar var. Daha öncə də o ərazidə aksiyalar keçirilmişdi. Mitinqdən imtina edilməsi bir daha onu göstərir ki, bütün bunlar sadəcə bəhanədir. Onlar virtual qəhrəmanlardır və tamamilə iflasa uğradıqlarını yaxşı başa düşürlər”.