Rusiyadan Azərbaycana S-400 təklifi var

Rusiya Azərbaycana yeni silahlarını tövsiyə edə bilər. Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 3-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən deyib.

İ.Korotçenko Ermənistan mediasında rast gəldiyi bir fikrə diqqət çəkiB:

“Bəzi erməni ekspertləri husilərin Səudiyyə Ərəbistanının neft obyektlərini pilotsuz təyyarələrlə vurması haqda danışarkən qeyd edirdilər ki, əgər husilərin yerinə Ermənistan olsaydı, Azərbaycanı vurardı. Bu məsuliyyətsiz fikirlərdir. Lakin Azərbaycan və Rusiya müasir dünyada belə təhlükələri anlayır. Bu baxımdan, Azərbaycan neft obyektlərinin müdafiəsi üçün hava Hücumundan Müdafiə sistemini gücləndirə bilər. Səudiyyə Ərəbistanına edilən hücum bu problemi aktuallaşdırdı. Azərbaycan vəziyyətə praqmatik ölkə kimi baxa və Rusiyada S-400 sistemlərini, o cümlədən, bütün hədəfləri 100 faiz məhv etmək potensialına malik olan TOR-M2 sistemini ala bilər. Məhz bu komplekslər Suriyada Rusiyanın Xmeymim bazasına pilotsuz təyyarələrin hücumlarını dəf edir”, - deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Valday” klubunun iclasında iştirak etmək üçün oktyabrın 3-də Soçiyə səfər edəcək. Səfər zamanı Azərbaycan liderinin rusiyalı həmkarı ilə təkbətək görüşü də keçiriləcək.