"Bələdiyyəyə namizdələrin qeydə alınması üçün sənədlər sadələşdirilməlidir"
Millət vəkili Siyavuş Novruzov bələdiyyə üzvlüyünə namizədlərin 70 səhifə sənəd toplaması şərtini tənqid edib. Deputat bununla bağlı Milli Məclisdə məlumat verib.
Parlament üzvü bildirib ki, seçki məcəlləsinə əsasən, bələdiyyə üzvlüyünə namizədlər üçün Prezidentliyə namizədlər kimi 70 səhifə sənəd toplanmalıdır:
“Ona görə də bu sahədə qanunvericiliyə yenidən baxılmalıdır. Bu, düzgün sayıla bilməz”.
Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən AVCİYA-nın seçki qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı deputatla eyni fikirdədir.
Onun qənaətincə, bələdiyyə üzvlüyünə namizdələrin qeydə alınması üçün sənədlər sadələşdirilməlidir:
“Əsas odur ki, namizədlər məlum olan imzanı toplasınlar. Həmin imzaların düzgünlüyü təsdiq olunduqdan sonra qeydiyyata alınmalıdır. Amma bu sahədə sovetdən qalan və hələ də davam edən bürokratik əngəllər mövcuddur. Məlumdur ki, Azərbaycan xalqının bürokratik əngəllərə nifrəti var. Kimisə bir qədər indicəndə həmin şəxs heç namizədliyini vermir və çıxıb gedir. Ona görə də vətəndaşlara normal şərait yaratmalıyıq ki, onlar seçkilərdə həm namizəd, həm də seçici kimi fəal iştirak etsinlər. Məhz bu səbəbdən sənədlərin sadələşməsinə ehtiyac var”.
Yeganə Bayramova