Azərbaycanın memarı: "Heydər Əliyev hakimiyyətə gəlməklə dövlətimizi parçalanmadan xilas etdi"

Ümumilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başladı. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.



Elman Məmmədov: "Bu günkü inkişaf etmiş dövlətimiz onun müdrik siyasətinin məhsuludur"


Ümummilli lider Heydər Əliyevin Azərbaycanın memarı və qurucusu olduğunu deyən millət vəkili Elman Məmmədov Sherg.az-a bildirdi ki, onun hakimiyyətə gəlməsi dövlətimizin yox olaraq parçalanmasının və dağılmasının qarşısını aldı:

“Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidi, tələbi və xahişi ilə prezident seçildi. Bu günkü Azərbaycan dövlətinin varlığı Heydər Əliyevə məxsusdur. Heydər Əliyev dövlətçiliyimizin qorunub saxlanılmasının təməlini qoyan şəxsiyyətdir. Bu günkü inkişaf etmiş dövlətimiz onun müdrik siyasətinin məhsuludur. Cənab Prezidentimiz İlham Əliyev də ulu öndərin dövlətçilik siyasətini çox yüksək səviyyədə davam etdirir. Azərbaycanımız günü-gündən güclənir və inkişaf edir. Bunların hamısı ümummilli liderimizin 1993-cü ildən bəri gördüyü işlərin nəticəsidir”.