Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşünün təfərrüatları bilinib.
APA -nın “168 jam” qəzetinə istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti ilə B. Koçaryan arasında görüş Rusiyanın Yerevandakı səfirliyində baş tutub və uzun müddət davam edib.
Qəzetin yazdığına görə, Ermənistanın ikinci prezidenti R. Koçaryanın həbsi, onun ətrafında yaranmış vəziyyət və hakimiyyətin bununla bağlı apardığı işlər görüşün əsas müzakirə mövzusu olub.
Rusiyanın Ermənistandakı səfirliyinin nümayəndəsi Aleksandr Quçkov görüşlə bağlı suala münasibət bildirməkdən imtina edib.
R. Koçaryan administrasiyasının sabiq rəhbəri Viktor Soqomonyan görüşün təfərrüatları barədə məlumat verməsə də, görüşün keçirilməsini təsdiq edib.
Qeyd edək ki, Ermənistanda səfərdə olarkən Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşüb.
Sabiq prezidentin ofisi və Rusiya səfirliyi görüş barədə şərh verməyiblər.
Xatırladaq ki, Putin ötən gün Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasında iştirak etmək üçün Ermənistana səfər edib.
Qeyd edək ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir. Sentyabrda R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət ediblər. Yerevan məhkəməsi sabiq prezidenti həbsdə saxlayıb.