Elçin Mirzəbəyli: "Azərbaycanda əldə olunan uğurlar, Ulu Öndərin strategiyasının nəticəsidir"

Ümumilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başladı. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Sherg.az-a bildirdi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanı quberniyalara və hissələrə bölmüşdülər. 

Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda dövlət prosesinin başlanılması və inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir:

“Ümummilli lider Azərbaycan dövlətinin banisi oldu.  Eyni zamanda Heydər Əliyevin həyata keçirdiyi neft siyasəti nəticə etibarı ilə ölkəmizin bu günkü inkişafına zəmin yaradıb. Onun gəlişi ilə Azərbaycanda peşəkar ordu formalaşdı. Bu proses hazırda da davam etməkdədir. Ümumiyyətlə bu günkü Azərbaycanla 1993-cü ildəki Azərbaycanı müqayisə etməyi bacaran insanlar, bu müddət ərzində ölkəmizin nə qədər böyük inkişaf yolunu keçdiyinin şahidi ola bilələr. Bu gün Azərbaycanda əldə olunan uğur və nəticələr şübhəsiz ki, vaxtilə Ulu Öndərin həyata keçirdiyi strategiyasının nəticəsidir”.