Xanım deputat AŞPA-da həqiqətləri söylədi: "Azərbaycan erməni terrorizmindən əziyyət çəkən ölkədir "

Millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun payız sessiyasında “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda məruzə edib. Sherg.az-ın xəbərinə görə, xanım deputat müzakirə zamanı deyib ki, bəşəriyyətin bəlasına çevrilən terrorizm son zamanlar daha da genişlənir:

"Terror aktları insanların ölümünə, əzab-əziyyət çəkməsinə, əmlaklarının yox edilməsinə, eləcə də mülki obyektlərin və yaşayış yerlərinin məhvinə səbəb olur. Bununla yanaşı, terrorizm qanunun aliliyinə, dövlətin milli təhlükəsizliyinə xələl gətirir, sosial sistemin nizamını pozaraq xalqların təhlükəsiz yaşaması üçün maneə yaradır. Dünyada bu dəhşətdən heç bir ölkə sığortalanmayıb. Azərbaycan da terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. 1980-ci illərin sonundan erməni terror təşkilatları və kəşfiyyat orqanları ölkəmizin nəqliyyat sistemində və digər ictimai obyektlərində 32-dən çox terror aktı törədiblər. Minlərlə günahsız insan bu hücumların qurbanları olub. ASALA qrupunun iştirakı ilə xüsusi qəddarlıqla günahsız insanlara qarşı törədilən Xocalı soyqırımı Ermənistanın milli səviyyədə terror siyasəti yürütməsinin ən bariz nümunəsidir. Xocalı qətliamında öldürülən 613 nəfər arasında 63 uşaq, 106 qadın və 70 qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 487 mülki şəxs əlil olub, 1275 günahsız sakin girov götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. 1994-cü il mart 19-da və iyulun 3-də Bakı metrosunda mülki şəxslərə qarşı terror aktları törədilib. Birinci hadisə nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İkinci terror aktı zamanı 13 nəfər həlak olub, 42 nəfər yaralanıb".

“2017-ci ildə 18 aylıq Zəhranın həyatına erməni əsgərlərinin atdığı raketlər son qoydu" - deyən millət vəkili, 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın ölümünə Ermənistanın nəzarətində olan ərazilərdən Tovuz çayına atılmış “doldurulmuş” oyuncağın partlaması səbəb olduğunu da xatırladıb: 

"2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlov erməni snayperçisinin atəşi nəticəsində öldürüldü. Bu uşaqlar terrorun qurbanlarıdır. Artıq nə onları qoruya bilərik, nə yaşamaq hüquqlarını müdafiə edə bilərik. Çünki terror onların həyatına son qoyub”.

Nümayəndə heyətinin üzvü qeyd edib ki, müzakirə olunan məruzə bizi terrorun qurbanını necə qorumaq barədə düşünməyə çağırır. Bunun cavabı aydındır:

“Terror törətmək üçün səbəb ola bilməz! Xüsusilə bu amansızlıq uşaqlara qarşı yönələndə. Beynəlxalq birliyin səylərinin beynəlxalq hüquqi bazaya uyğunlaşdırılması, xüsusilə də Azərbaycanın əzəli torpaqlarından Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, eləcə də AŞPA qətnaməsinin icrası terror qurbanlarının müdafiəsinə və ümumilikdə terrorizmin qarşısının alınmasına töhfə verə bilər”.