Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu qısa müddət ərzində beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə edib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə deyib.
Prezident bildirib ki, Hərəkata üzv olan ölkələrin Dövlət və Hökumət Başçılarının 2016-cı ildə keçirilmiş 17-ci Zirvə Görüşündə növbəti görüşün Bakıda keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib.
“Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizə təşəkkürümüzü bildirirəm”.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz priorietlərini və fəaliyyətini Banduq prinsipləri üzərində quracaq.
“Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması ilə əməkdaşlığın təşviqi kimi prinisipləri ehtiva edən Banduq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.
Biz beynəlxalq hüququn norma və prinsiplərinə tamlıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan, BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac var. Sərhədlərin bir çoxunun dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.
Prezident əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək.
“Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada, Azərbaycanın ötən ay “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyaslı səylərimizi daha da artırmağa imkan verir.
Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan, kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarını inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.
Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan yararlanır. Azərbaycanda gənclər siyasəti prioritet kimi müəyyən edilib.
Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq gənclər sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş gənclər sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak edib”.