Uğursuzların növbəti xaos cəhdi: Milli Şuranın dərdi mitinq yox, qarışıqlıq yaratmaqdır

“Əli Kərimli 19 oktyabr icazəsiz mitinq cəhdinin söz-söhbəti səngiməmiş, yeni mitinqin təyin edildiyini bəyan etdi”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, 19 oktyabr şousu Əli Kərimlidə o qədər güclü eyforiyaya səbəb olub ki, adam adrenalini bir az da artırmaq üçün 2 noyabr gününü icazəsiz mitinq təyin edib: 

“Sosial şəbəkə bloggerliyinə bir an olsun ara verməyən AXCP lideri Feysbuk hesabında bu günlərdə Çilinin paytaxtında keçirilən mitinqin görüntülərini paylaşaraq azərbaycanlıları da çilililər kimi kütləvi aksiyalara səsləyib. Həmin statusun birinci cümləsinə fikir verin: “Dostlar, Bakıda da bu qədər kütləvi mitinqlər ola bilərmi?”.

Əlbəttə, əgər bu adam özünə əmin olsaydı və Bakıda da insanların bu cür kütləvi fəallığına qəti şəkildə inansaydı, o zaman əsla bu sualı verməzdi. Deməli, əminliyi olmadığına görə məsələni sual formasında qoyur. Amma nəzərə almır ki, Azərbaycanla Çili tamamilə fərqli situasiyalarda fiksə olunan ölkələrdir. Bu iki ölkə arasında paralellər aparmaq və Çilinin mitinq ab-havasını kopyalayıb Azərbaycanın ictimai-siyasi gerçəkliklərinə süni surətdə proyeksiya etmək sadəcə siyasi cahillik və korafəhimlikdir”.



Əlisahib Hüseynov: "Əli Kərimli bir ovuc insanı aldada bilər, amma bütöv bir cəmiyyəti əsla aldada bilməz"


Ə.Hüseynovun sözlərinə görə, Əli Kərimlinin məqsədi mitinq yox, ölkədəki sabitliyi pozmaqdır: 

“Adam bulanıq suda balıq tutmağın ustası olduğuna görə, ölkədə qarışıqlığın yaradılmasını özü üçün əlverişli yol hesab edir. Təsəvvür edin, mitinqlər olmazsa, Əli Kərimli də olmaz. Yəni “divin canı şüşədə olduğu kimi” Əli Kərimlinin də canı mitinqlərdədir. O, özü də bunu yaxşı dərk edir. Bilir ki, mitinqlərdə görünməsə, Yutub kanallarının canlı bağlantılarına qoşulmasa, çox qısa zamanda unudulub gedəcək. Bu gün Əli Kərimlini ayaqda və gündəmdə saxlayan mitinqlər və sosial şəbəkələrdir. Arsenalında başqa mübarizə vasitələri, başqa alternativlər yoxdur. Bu isə normal bir siyasi lider üçün faciə sayılacaq qədər acınacaqlıdır. Əminəm ki, əgər AXCP lideri intellektual siyasətçilər tipinə malik olsaydı, mitinqləri özünün gündəlik siyasi mübarizəsinin əsas vasitəsi seçməzdi. Ümumiyyətlə, radikallıqdan uzaq olardı. 

Ekspert vurğulayıb ki, Əli Kərimli və onun "Milli Şura"dakı bir ovuc yandaşları mütəmadi surətdə xalqı siyasi iğtişaşlara, kütləvi aksiyalara, qarşıdurmaya və üsyana çağırırlar: 

“Artıq Əli Kərimli və onun trolları "dinc mübarizə" çətirindən də istifadə etməyə lüzum görmürlər. Onlar açıq şəkildə bəyan edirlər ki, biz hakimiyyəti zor gücünə alacağıq. Sanki adamlar qana susayıblar. Bu cür avantüristlərin ağlındakı və təsəvvürlərindəki "dinc mitinq", "dinc mübarizə" anlayışları həqiqətdə kütləvi itaətsizlikdən və inqilabdan başqa bir şey deyil. Lakin cəmiyyətimiz də kifayət qədər yetkin və təcrübəlidir. Əli Kərimli bir ovuc insanı aldada bilər, amma bütöv bir cəmiyyəti əsla aldada bilməz. Odur ki, mitinqlərə əbədi mübarizə "fəlsəfəsi" kimi baxmaq məncə, ağılsızlıqdır”.