“Son günlər həyata keçirilən kadr islahatları çox aktual məsələdir. Ona görə də kadr islahatlarını alqışlamaq və dəstək vermək lazımdır”. Bunu Milli Məclisinin sabiq sədri, professor Yaqub Məmmədov Sherg.az-a Prezidentin həyata keçirdiyi islahatlardan danışarkən deyib.
Eks-spiker bildirib ki, rəhbərlik tərəfindən aparılan kadr islahatları dövlətin mənafeyinə xidmət edir:
“İdarəetmədə köhnə təfəkkürlü kadrlar dəyişməli, yeni insanlar cəlb olunmalıdır. Bu, olduqca vacib məsələdir. Bunu müasir dövr və zaman, həmçinin ölkədə aparılan böyük islahatlar tələb edir. Görülən işləri yeni nəslin nümayəndələrinə həvalə etmək lazımdır. Cənab Prezidentimiz bunu ən uğurlu şəkildə reallaşdırır. Dövlət başçısının yeni təyinat alan kadrlarla şəxsən görüşməsi və onlara tapşırıqlar verməsi çox mühümdür. Görüşün televiziyada yayımlanması müsbət haldır. Bunu təqdir edirəm”.
Y.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev kadr islahatları apararkən böyük humanistlik edir:
“Əlbəttə, dövlət başçısı yaşlı kadrları birbaşa işdən azad edə bilər. Amma onların dövlət qarşısında xidmətlərini nəzər aldığı və qiymətləndirdiyi üçün özlərinin istefa vermələrini tövsiyyə edir. Belə yanaşma sayəsində uzun illər dövlətə qulluq etmiş şəxslər hörmətsiz duruma düşmürlər. Bu, böyük insani keyfiyyət və nəzakətdir. Gərək yaşlı məmurlar özləri başa düşsünlər ki, artıq onların getmə zamanıdır. Ona görə də könüllü istefa versələr daha yaxşıdır. Əgər reallığı dərk edərək könüllü getməyə razı olmasalar, şübhəsiz dövlət başçısı onları şəxsən uzaqlaşdırmaq məcburiyyətində qalacaq. Ayrı yol yoxdur. Gəncləşmə prosesinin getməsi mütləqdir. Amma qulluqdan könüllü uzaqlaşanlar və ya vəzifədən azad edilənlərə qarşı kampaniya aparılması da yolverilməzdir. Bəzi mətbu orqanlar həmin şəxslərlə bağlı lazımsız, artıq-əskik yazılar dərc edirlər. Buna son qoymaq lazımdır”.
Parlamentin keçmiş sədri vəzifəyə gətirilənlərin təcrübəsiz olmadığını deyib:
“Vəzifəyə təyin olunanların 20-25 yaşı yoxdur ki. Onların kifayət qədər həyat və iş təcrübəsi var. Nazir təyin olunan şəxslərin yaşları az ola bilər, amma onlar həmin posta təsadüfən və birdən-birə gəlib çıxmayıblar. Əvvəlki vəzifələrində yaxşı işlədikləri, uğur qazandıqları və yeniliklər tətbiq etdikləri üçün onlara etimad göstərilib. Yeni düşüncələrə və təkliflərə ehtiyac var. Bunu da ancaq müasir dünyagörüşlü, dinamik gənc kadrlara həyata keçirə bilər”.