“Azər Qasımlının partiyadan uzaqlaşma qərarına kimlərisə cəlb etmək fikri yoxdur”. Bunu Sherg.az-a açıqlamasında ReAL-ın icraçı katibi Natiq Cəfərli deyib.
Partiya təmsilçisi bildirib ki, ReAL-da elə bir kütlə yoxdur ki, istefa verən şəxsin ardınca getsin:
“Azər bəyə dəstək göstərən şəxslərin böyük əksəriyyəti ReAL-ın üzvləri deyil. Onlar başqa partiyanın nümayəndələridir. Bu da normaldır və siyasi rəqbətin bir formasıdır. Hansısa rəqib partiyada bir hadisə baş verəndə digər siyasi qurumun üzvləri bunu ajiotaja çevirməyə çalışırlar. İllərdir Azərbaycanda bu prosesin şahidi olmuşuq. ReAL dəyərlərini və prinsiplərini, proqram sənədləri üzərində qurmuş bir təşkilatdır. Ona görə də partiyamızdan hansısa ciddi qopmaların olacağını düşünmürəm. Təbii ki, üzvlükdən 5-10 nəfərin getməsi mümkündür. Amma bunun kollektiv şəkildə baş verməsi, kütləvi hal alması inandırıcı deyil”.
N.Cəfərli Azər Qasımlının məsələlərə bir qədər emosional yanaşdığını söyləyib:
“Emosiyaları sakitləşəndən və partiyanın yeni qurultayında ortaya çıxacaq mənzərəni gördükdən sonra fikrini dəyişə bilər. Başqa partiyalardan fərqimiz odur ki, dəyərlərimizə kifayət qədər hörmət edirik. Partiyada olub-olmamasından asılı olmayaraq, Azər bəy hamımızın dostudur. Ailəvi dostluq münasibətlərimiz var və bundan sonra da davam edəcək. Bir müddətdən sonra Azər bəyi yenidən sıralarımızda görmək ehtimalı çox yüksəkdir”.