Azər Həsrət: "Bu gün "azadlıq fədaisi" olduğunu iddia edən Əli İnsanov..."

“Prezident İlham Əliyevin lütfü sayəsində həbsdən azad edilən Əli İnsanov öz ağlınca aləmə “meydan” oxumağa cəhd edir”. Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib. 

Analitik bildirib ki, Əli İnsanov, İsa Qəmbər, Əli Kərimli kimi vaxtı keçmiş siyasətçilərlə bir masa arxasında əyləşib hakimiyyətlə mübarizə aparmaq istəyir: 

“Onların dəyirmi masada şəkillərini gördüm. Əli İnsanov bir zamanlar məhv edilməsini tələb etdiyi adamlarla birlikdə idi. Yaxşı yadımızdadır ki, bu adam onlara irad tuturdu, deyirdi ki, bu müxalifətçilər gələcəkdə öz övladlarının üzünə baxmağa utanacaq. İndi o, gələcək gəlib. Amma ki, İnsanov Əli də gedib özü o utandırdığı adamlarla bir masa arxasında əyləşib. Bu dərnək misalı toplantı mənə bəzi başqa məqamları da xatırlatdı. Onları da qeyd edim, oxucular üçün maraqlı olsun. Əli İnsanovun qılıncının dalı da "kəsirdi", qabağı da. Biz jurnalistlər də bundan boğaza yığılmışdıq. Bir gün Qənimət Zahid qərar verdi ki, gedirik Əli İnsanova etiraz etməyə. Düzəldik yola, gəldik Səhiyyə Nazirliyinin qarşısına, başladıq şüarlar çığırmağa. Heç kim bizi vecinə almadı. Bu gün “azadlıq fədaisi” olduğunu iddia edən Əli İnsanovun nəinki özü, heç adi bir işçisi də çölə çıxıb bizdən soruşmadı ki, nə istəyirsiniz?”. 

A.Həsrətin sözlərinə görə, yeni nəsil gənclər belə adamları o qədər də tanımır: 

“Tanımadıqları üçün bəzən bunların şirin dilinə, aktyorluq məharətinə aldanır. Bizim vəzifəmiz aldanacaq gənclərə yardımçı olmaq, siyasət aləmində olanları tanıtmaqdır. Kimdir neomüxalif Əli İnsanov adlı adam? Müstəqillik dönəmi siyasətin içində olan birisi kimi qısa deyirəm ki, ən iri çaplı korrupsioner, ən qəddar azadlıq düşməni, müxalif və fərqli düşüncəyə ən dözümsüz adam! İndi bu, adammı kimlərəsə müxalifətçilik dərsi keçəcək? Yaxud, indi bu adammı stajlı və artıq vaxtı keçmiş müxalifətçiləri başına cəm edib “insan haqlarını pozan rejim”ə qarşı savaş açacaq? Bu adammı dünənədək asılmasını, kəsilməsini, güllələnməsini tələb etdiyi İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli kimi şəxslərə liderlik edəcək? Çox məzəlidirlər, çox”.