“Ümumiyyətlə, ötən illər ərzində dövlət gənclər siyasətinin həyata keçirilməsində gənclərimizə geniş imkanlar yaradılıb, qapılar açılıb”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, gənclər həm idarəetmədə, həm də digər sahələrdə önə çəkilməkdədir:
“Son dövrlərdə, xüsusən ötənilki prezident seçkisindən sonra dövlət idarəetməsində, müəyyən qurumların birləşdirilməsində və yeni strukturların yaradılmasında çoxsaylı islahatlar həyata keçirilib. İslahatların tərkib hissəsi olaraq cənab Prezidentin gənclərlə bağlı atdığı addımlar və onlara etimad göstərməsi gənclərə növbəti təkan verdi. Təbii ki, dövlət başçısı vurğuladı ki, gənclərin dövrün tələbi olaraq idarəetmə strukturlarına gətirilməsi yaşlı kadrların tamamilə sıradan çıxması anlamına gəlməməlidir. Gənclərlə təcrübəli kadrların fəaliyyəti vəhdət yaratmalıdır. Yalnız bu şəkildə həyata keçirilən işlər daha effektli olar və müsbət nəticələr verər”.
Parlament üzvü gənclərin siyasi proseslərdə və seçkilərdə daha aktiv rol oynaması məsələsinə də münasibət bildirib:
“Qarşıdan bələdiyyə seçkiləri gəlir. Görürük ki, xeyli sayda gənc bələdiyyə seçkilərində özlərini sınamağa hazırlaşır. Bu, çox gözəl haldır. Şübhəsiz ki, bələdiyyə seçkisində uğur qazanan gənclərimizin sayı çox olacaq. Çünki gənclərə bütün qapılar açıqdır. Eyni zamanda cəmiyyətdə müşahidə edirik ki, gənclərin önə çəkilməsi ictimaiyyət tərəfindən çox yaxşı qarşılanır. Heç şübhəsiz, bu tendensiya digər gəncləri də həvəsləndirir, onlara stimul verir. Gəncləri öz üzərlərində daha çox çalışmağa sövq edir. Onlar da gələcəkdə müəyyən idarəetmə strukturlarında iştirak etsinlər və daha yüksək vəzifələrdə çalışsınlar”.