İsrailin terror təşkilatlarına dəstəyi inandırıcı deyil

 “Bu məsələ Ərdoğan-Tramp və Ərdoğan-Putin ikitərəfli görüşlərində müzakirə edilib”



"İsrailin dünyanın güc mərkəzlərinin ortaq qərarlarına zidd gedəcəyi mümkünsüzdür"




“YPG-yə istənilən formada yardım etməyə hazırıq”. Bunu İsrail Xarici işlər nazirinin köməkçisi Tsipi Xotoveli deyib. Onun sözlərinə görə, İsrail diplomatik və humanitar məsələlərlə bağlı yardım çağırışları qəbul edib: “Müxtəlif kanallar vasitəsi ilə kürdlərə yardım etməyə çalışırıq. Biz YPG-dən İrana qarşı istifadə edirik: “İsrail çox sayda diplomatik kömək tələbi alıb. Kürdlərin üzləşdiyi dərin problemləri başa düşürük və biz onlara fərqli kanallarla kömək edirik”.

Edilən köməyin detalları barədə şərh verməyən Xotoveli Qərbyönümlü suriyalı kürdlərin müdafiə olunmasının İsrailin maraqlarını əks etdirdiyini bildirib: “Suriyanın şimalındakı kürdlərin bölgədən çıxması İsrailə təhlükə vəd edir. Bu vəziyyətdə İranın təsir dairəsində olan qüvvələr güclənir”. Bir sıra ekspertlər bunu Ankara hökumətinə qarşı atılmış addım kimi dəyərləndiriblər. Bu baxımdan İsrail tərəfinin məlum açıqlaması Türkiyə tərəfindən etirazla qarşılanıb. 

Etiraza səbəb olan bəyanatı “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, İsrail xarici işlər nazirinin köməkçisi Tsipi Xotoveli öz səs-küylü açıqlamaları ilə hər zaman seçilib. Analitik vurğulayıb ki, İsrailin Bakı əsilli müdafiə naziri Aviqador Libermanın istefası zamanı xanın Tsipi bu istefanı dəstəkləyərək Libermanın postu daha öncə tərk etməli olduğunu bildirmişdi:

“Ancaq gürcü əsilli xanım Xotovelinin YPG-yə İsrailin dəstək verəcəyi bəyanatı bir qədər yanlış anlaşılıb. Məncə, Tsipi bəyanatında İsrailin kürdlərə humanitar yardım verməsindən danışıb. Təbii ki, əməliyyatlar zamanı sivil kürdlərin də zərər çəkməsi istisna deyil və hərbi birləşmələrlə əlaqəsi olmayan əhaliyə humanitar yardım çağırışı başadüşüləndir. Düşünmürəm ki, İsrail qeyri-qanuni kürd hərbi  birləşmələrinə, terror təşkilatlarına hərbi, maddi və siyasi dəstək verəcək. Bu məsələ Ərdoğan-Tramp və Ərdoğan-Putin ikitərəfli görüşlərində müzakirə edilib və ümumi razılıq əldə olunub. İsrailin dünyanın güc mərkəzlərinin ortaq qərarlarına zidd gedəcəyi mümkünsüzdür. ABŞ-ın Nümayəndələr Palatasının Türkiyəyə qarşı genosid şantajı da iflasa uğradı. Bu barədə ABŞ Prezidenti özü şəxsən çıxış edərək qərarın yersiz və tələskən verildiyini bəyan etdi”.