Prezidentin apardığı kadr islahatları: Ölkənin inkişafına mane olan faktorlar aradan qaldırılır

“İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar”. Bunu Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, nüfuz qazanmaq onların sırf öz işindən asılıdır: “Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız”. 

Ölkə rəhbəri vurğulayıb ki, korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir: “Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.



Dövlət başçısının xəbərdarlığını “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov da vurğulayıb ki, Prezidentin yeni icra başçılarını qəbul edərkən yenidən və israrlı şəkildə rüşvət və korrupsiya faktlarına diqqət çəkməsi bu məsələyə nə qədər ciddi önəm verdiyini göstərir: 

“Dövlət başçısı bu məsələnin ölkəmizin inkişafına mane olan ciddi neqativ hal olduğunu cəmiyyətin diqqətinə çatdırır. Bu baxımdan Prezident cəmiyyətə açıq çağırış edir ki, yolunu azan məmurlar barədə dərhal məlumat versinlər və ictimai nəzarəti gücləndirsinlər. Əgər cəmiyyət rüşvətsiz, korrupsiyasız bir mühit istəyirsə, öz məsuliyyətini başa düşməli, belə hallarla mübarizədə aktiv olmalıdır. Həmçinin özü də rüşvət vermək kimi mənfi tendensiyadan qurtulmalıdır. Çünki rüşvət alan varsa, deməli, rüşvət verən də var. Cənab Prezidentin son dövrlər apardığı kadr islahatları ölkənin inkişafına mane olan faktorların aradan qaldırılmasına yönəlib. İnanırıq ki, bu tədbirlərin nəticəsi müsbət olacaq. Sadəcə buna müəyyən vaxt lazımdır. Azərbaycanın müdrik xalqı hər zaman öz dövlətinin və dövlətçiliyinin yanında olub, bundan sonra da olacaq. Xalqımız kənar qüvvələrin təxribatlarına baxmayaraq, heç vaxt öz gələcəyinə biganə qalmayacaq. Bu günümüzü elə dəyişməliyik ki, gələcəyimiz qaranlıq olmasın”.