Bəxtiyar Hacıyev alqışlandı - O, Paşinyanın qarşısında cəsarət nümayiş etdirdi

“O, öz tarixi dədə-baba yurdlarından qovulmuş bir azərbaycanlı qaçqın gəncin haqlı mövqeyini ortaya qoydu”



Paris Sülh Forumunda iştirak edən azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyana Qarabağla bağlı suallar ünvanlayıb. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, Paşinyan sualı cavablandırarkən xeyli çətinlik çəkib. Hacıyev bildirib ki, Ermənistanda anadan olsa da, öz doğulduğu yerə gedə bilmir:

“Siz münaqişə ilə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar, BMT-nin 4 qətnaməsi var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa İttifaqı ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir”. Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev isə bildirib ki, əgər ona qələm lazımdırsa, o, özününkünü Paşinyana verə bilər. Baş nazir əvvəlcə imtina etmək istəsə də, qələmi Hacıyevdən alıb.

Bu zaman Hacıyev “Bu, Azərbaycandan bir hədiyyədir” deyə söz atıb. Azərbaycanlı fəal sualının ikinci hissəsini də verib: “Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiniz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş naziri kimi Xankəndində - Azərbaycan ərazisində “Qarabağ Ermənistanındır” demisiniz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?”. B.Hacıyev həmçinin, əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də “Dağlıq Qarabağ Azərbaycandır və nida!” ifadəsini işlədib. 

Paşinyan isə erməni tərəfinin bütün beynəlxalq tədbirlərdə səsləndirdikləri absurd fikirlərlə özlərini “haqlı” göstərməyə çalışsa da, ciddi bir arqument göstərə bilməyib. Erməni baş nazir Sumqayıt olayları və digər uydurma faktları əsas gətirərək işğalıçılıq siyasətinə haqq qazandırmağa çalışıb. Eyni zamanda həyasızca vurğulayıb ki, “əgər Qarabağ Azərbaycanındır deyirsizsə, niyə danışıqlarda iştirak edirsiniz? Niyə Minsk Qrupunun münaqişənin həlli ilə bağlı yekun qərarını gözləyirsiniz?”. Hətta Azərbaycan tərəfini İrəvanı, Zəngəzuru “işğal” etmək istəməkdə suçlayıb. 

Nikol Paşinyanın absurd yanaşmasına Azərbaycan Xarici İşlər Nazirliyi də cavab verib. XİN rəsmisi Leyla Abdullayeva bildirib ki, məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib. Tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlını öz evlərində yaşamaq kimi fundamental hüququndan məhrum edib. L.Abdullayeva deyib ki, beynəlxalq forumlarda çıxış edərək sülhdən, daha yaxşı gələcəkdən danışmaq, əlbəttə yaxşıdır. Lakin ən vacibi sadəcə bəyanatlar verməklə kifayətlənməmək, verdiyin bəyanatlara uyğun davranmaq, hərəkət etməkdir. 



Erməni baş nazirin sərsəm açıqlamalarını “Şərq”ə dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov gənc fəal Bəxtiyar Hacıyevin təşəbbüsünü alqışlayıb. Partiya rəhbəri bildirib ki, B.Hacıyev düşmən ölkənin birinci şəxsinin qarşısında cəsarət nümayiş etdirdi:

“Bəxtiyar Hacıyev öz tarixi dədə-baba yurdlarından - Qərbi Azərbaycandan qovulmuş bir azərbaycanlı qaçqın gəncin haqlı mövqeyini ortaya qoydu. Ermənistanı Qarabağı işğal etməkdə ittiham etdi. Amma aldığı həyasız cavab qarşısında susqunluğu yaxşı olmadı. Belə mötəbər beynəlxalq platformalarda çıxış etmək, düşmən ölkənin rəhbər şəxslərinə sual vermək imkanı yaranan azərbaycanlı həmvətənlərimiz hərtərəfli hazırlıqlı, məlumatlı və hazırcavab olmalıdır. Tülküdən də hiyləgər erməni siyasətçilərlə polemika savaşına girmək sadəcə bir sual verməkdən ibarət olmamalıdır. Bəxtiyar bəyin virtual dostları onun ötən gün Paşinyana bir sualla müraciətini az qala toy-bayram edirlər. Bəziləri yazır ki, B.Hacıyev ötən gün XİN-in və Diaspor Komitəsinin işini təkbaşına gördü. Başa düşmürəm, XİN-in və ya Diaspor Komitəsinin işi bəyəm hansısa forumda Paşinyana sadəcə bir sual verməkdən ibarətdir?! Məncə, məsələni bu qədər bəsitləşdirmək olmaz”.

Ə.Hüseynovun sözlərinə görə, Paşinyan verilən sual sayəsində Azərbaycanı əsassız ittihamlarla haqsız çıxarmağa, Sumqayıt olayları və digər uydurma “faktları” əsas gətirərək işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıb:

“Hətta bir qədər irəli gedərək Azərbaycan tərəfini İrəvanı, Zəngəzuru “işğal” etmək istəməkdə suçladı. Paşinyanın Sülh Forumunda öz həyasız açıqlamaları ilə az qala Bəxtiyar bəyin üzərinə şığıması, zənnimcə, rəsmi İrəvanın öz qeyri-konsturktiv mövqeyindən vaz keçməyəcəyini bir daha gözlər önünə sərmiş oldu. Odur ki, məsələyə Paşinyanın sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq üçün bu qədər “yekəxana” cümlələr sərf etməsi kimi yanaşmaq da doğru olmaz. Erməninin millətçisi, liberalı, sağçısı, solçusu da Qarabağ məsələsində işğalçı mövqedən çıxış etməkdə davam edəcək. Odur ki, mən Prezident İlham Əliyevin həm "Valday klubu"nun toplantısındakı çıxışında, həm də MDB dövlət başçılarının sonuncu sammitində Ermənistan rəhbərliyini qeyri-konstruktiv mövqe tutmaqda haqlı olaraq ittiham etməsini və sərt ritorikaya üstünlük verməsini tamamilə düzgün mövqe hesab edirəm. Necə deyərlər, hər kəsə öz silahı ilə cavab vermək lazımdır”.