Paşinyan Ermənistanı çökdürür: Bütün sahələr tənəzzülə uğrayıb - ŞƏRH

Ermənistan baş naziri Nikol Paşinyan keçmiş prezidentlərə qarşı mübarizəni gücləndirib. Məlum olduğu kimi, keçmiş prezident Robert Koçaryan 2008-ci ilin martında seçkiləri tam uduzmuş prezidentliyə namizəd Ter-Petrosyanın tərəfdarları tərəfindən təşkil edilmiş “Yerevan-maydan”ın zorla qovulmasına görə, yəni “konstitusiya quruluşunun devrilməsi” ittihamı ilə həbs edilib. 

Ancaq müstəntiqlər ona 3 milyon dollar məbləğində rüşvət işini “sırıya” bilməyiblər. Koçaryan Vovayeviçin qərarı ilə istintaq təcridxanasına qayıdıb. İndi də Paşinyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı hücuma keçib. Sarkisyan “fermerlərə dəstək” milli layihəsi çərçivəsində dövlət üçün dizel yanacağının tədarükü tenderi ilə bağlı epizodda təqsirləndirilir. Tender zamanı yaranmış vəziyyət təkcə Ermənistan üçün deyil, bütün postsovet məkanı üçün çox səciyyəvidir. 

Hərracda dizel yanacağına ən aşağı qiymətlər təklif etmiş firma yerinə, Sarkisyanın hansısa dostu, dizel yanacağını baha qiymətə itələyən şəxs qalib gəlib. Nəticədə dövlətə bir milyon dollardan çox ziyan dəyib. Şübhəsiz ki, bu hadisə sabiq prezidentə başucalığı gətirmir, lakin Sarkisyana cinayət işi açılmasını birbaşa Ermənistan Konstitusiyasının maddəsi qadağan edir. Həmin maddəyə görə, dövlətin birinci şəxsləri keçmiş işlərinə görə cəzalandırıla bilməz. Paşinyanın ətrafındakı ekspertlər isə deyirlər ki, “nə olsun, bu, boş formalizmdir: biz impiçment haqqında müddəadan istifadə edərək onu cinayət məsuliyyətinə cəlb edəcəyik”. İndiyədək impiçment yalnız fəaliyyətdə olan prezidentə şamil olunurdu. İstefada olan şəxsə impiçment elan etmək nonsensdir. Qisasçılıq Paşinyanın bütün səbəb və əməllərinə o dərəcədə sirayət edib ki, o, “sosial ədalət” harayı ilə çoxdan mətbəx-kommunal xırdaçılığına və şəxsi intiqam hisslərinə yuvarlanıb. Görünür, Paşinyan yaxın vaxtlara qədər Sarkisyandan hesab sormağa tələsməyib və onu bir növ desert üçün saxlayıb. Yəni əvvəlcə daha çox nifrət etdiyi Robert Koçaryandan intiqam almağı düşünüb. 



Politoloq: “Ölkədə sərmayə mühiti yaradılmayıb, əhalinin rifah halı düzəlməyib, xaricə köç dayanmayıb, Kremllə etimad mühiti yaranmayıb”


Düşmən ölkədəki proseslərlə bağlı “Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Ermənistandakı ictimai-siyasi və iqtisadi şəraiti xarakterizə edəndə aydın olur ki, ötənilki siyasi hakimiyyət dəyişikliyi ciddi nəticə verməyib: 

“Hökumət daha çox siyasi rəqiblərini sıradan çıxarmaqla məşğul olub. Ölkədə sərmayə mühiti yaradılmayıb. Xarici iş adamları Ermənistana sərmayə qoymaqdan daha çox turist kimi səfər edirlər. Paşinyançıların Ermənistanı Rusiyanın əlindən çıxarmaq cəhdi uğursuzluğa düçar olub. Ölkə iqtisadiyyatına yenə Moskva nəzarət edir. Amerikalı və avropalı iş adamları üçün Ermənistan cəlbedici ola bilməyib. Əhalinin sosial rifah halında müsbətə doğru kəskin, inqilabi dəyişiklik baş verməyib. Azərbaycan torpaqlarını işğal edən bu ölkənin başlıca problemlərindən biri mühacirətdir. Paşinyan sosial vəziyyətini yaxşılaşdırmaq, siyasi təqibdən yayınmaq üçün Ermənistan vətəndaşlarının xaricə köçünün qarşısını ala bilməyib. Rəsmi İrəvanla Kreml arasında tam etimad mühiti yaranmayıb. Bu kimi amillər isə Ermənistanı yeni siyasi hadisələrə hazırlayır”.