“Namizədlərin bu qədər çox olmasının və demək olar ki, hər peşədən olan şəxslərin namizədliklərini irəli sürməsinin səbəbi ölkə başçısının çıxışlarıdır”. Bunu Sherg.az-a açıqlamasında Ağ Partiya rəhbəri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, Prezident öz çıxışlarında parlamentin yenilənməsini və gənclərin aktiv olmasını vurğulayıb:
“Dövlət başçısının çıxışları gənc kəsimdə ümidlər yaradıb. Hazırda Azərbaycanda parlament təkmandatlı, yəni mojaritar seçki yolu ilə formalaşır. Bu seçki formasında isə siyasi partiyalardan daha çox şəxsiyyət amili ortaya çıxır. Odur ki, kiməsə “niyə namizəd olmusan?” demək olmaz. Hazırkı seçki mexanizmi məhz bu yanaşmanı özündə ehtiva edir.
Tural Abbaslı: “Parlamentə təsadüfi insanların düşməsinin qarşısını almaq və parlamenti daha peşəkar və faydalı etmək üçün proporsional seçki sistemi bərpa edilməlidir”
Bu amil hər istəyənin namizəd olmaq şansını artırır. Odur ki, hazırkı vəziyyəti qınamaq demokratik yanaşma deyil. Ancaq, düşünürəm ki, parlamentə təsadüfi insanların düşməsinin qarşısını almaq və parlamenti daha peşəkar və faydalı etmək üçün proporsional seçki sistemi bərpa edilməlidir. Bununla da 125 dairə üzrə peşələri siyasət olan partiyalar siyahı üzrə namizədlər irəli sürər. Seçici şəxsə deyil, partiyaya, onun ideoloji xəttinə, proqramına səs verər. Beləliklə də “hər yerindən duran namizəd olur” kimi fikirlərə yer qalmaz. Çünki ondan sonra namizədlərə onları irəli sürən siyasi partiyalar cavabdeh olacaq və məsələlər də öz cızığından çıxmayacaq”.