“Namizədliyimin qeydə alınmasından bugünə qədər təbliğat-təşviqat kampaniyası çərçivəsində heç bir neqativ halın şahidi olmamışam”. Bunu Sherg.az-a açıqlamasında 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, hüquq müdafiəçisi Əhməd Şahidov deyib.
Namizəd vurğulayıb ki, o da daxil olmaqla 112 saylı Qax seçki dairəsində 9 namizəd mübarizə aparır:
“Dairə Seçki Komissiyası da bütün müraciətlərə, istəklərə maksimum şəkildə müsbət cavab verir. Təbliğat-təşviqat kampaniyamızı istədiyimiz kənddə, küçədə, məktəbdə davam etdiririk. Heç bir maneə yoxdur. Hüquq-mühafizə orqanları da görüşlərin təhlükəsizliyini yüksək səviyyədə həyata keçirirlər. Hər şey yaxşıdır, problem yoxdur.
Seçicilərlə görüşür, onları inandırmağa çalışır və səsvermədə fəal olmalarını, bizə səs vermələrini istəyirik. Düzdür, biraz yorğunluq var. 23 gün ərzində 53 məntəqəni gəzmək, seçicilərlə görüşlər keçirmək çətindir. Amma bu, bizim işimizdir. Bizim üçün şərəfli bir yoldur. Cənab Prezidentin həyata keçirdiyi islahatlar Milli Məclisdə də özünü göstərməlidir. Parlamentdə yeni, gənc və perspektivli millət vəkillərini görmək istəyirik. Xalq bunu istəyir”.