Efirə çıxmaq bahadır: Namizədlər təşviqatda sosial şəbəkələrə üstünlük verdi - HESABAT

“Mərkəzi Seçki Komissiyasının fəaliyyətini qənaətbəxş hesab etmək olar, amma dairə seçki komissiyalarının işində müəyyən problemlər var”. Sherg.az-ın xəbər verir ki, bunu AVCİYA-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı aralıq hesabatının təqdimatı zamanı ekspert Məhərrəm Zülfüqarlı deyib. 

Ekspert bildirib ki, MSK-ya daxil olan 32 şikayətdən 9-u DSK-ların işi ilə bağlıdır: 

“Şikayətlər MSK tərəfindən qəbul olunub və şikayətçilərin hüququ bərpa edilib. Məsələn, bir nəfər qadın namizəd qeydiyyatdan keçəndən sonra öz dairəsindən olan başqa namizəd haqqında şikayət edib. Bildirib ki, həmin namizəd məhkumluğunu gizlədib və DSK onun namizədliyini məhkumluq faktına rəğmən qeydiyyata alıb. Bu şikayət də təmin olunub və məhkumluğu olan şəxsin namizədliyi ləğv edilib. Bunlar hamısı onu göstərir ki, MSK öz işini yüksək səviyyədə həyata keçirir. Seçkilər üçün belə məqamlar çox əlamətdardır”.



Məhərrəm Zülfüqarlı: “Sosial şəbəkələrin inkişafı namizədlərə də geniş imkanlar yaradır və təşviqata dəstək verir. Amma bu hal 1990-cı illərdə olsaydı, namizədlər çox çətin vəziyyətdə qalardı”


M.Zülfüqarlının sözlərinə görə, namizədlər öz təbliğat-təşviqatlarını sosial şəbəkələr və internet televiziyalar vasitəsi ilə həyata keçirirlər: 

“Bunun da səbəbi ödənişli efirlərin çox baha olmasıdır. Məsələn, adi günlərdə saniyəsi 25 manat olan efir, seçki təbliğatı dönəmində saniyəsi 65 manatdan müəyyən edilib. Bu hal namizədlərin efirlərə deyil, sosial şəbəkələrə meyillənməsinə gətirib çıxarıb. Sosial şəbəkələrin inkişafı namizədlərə də geniş imkanlar yaradır və təşviqata dəstək verir. Amma bu hal 1990-cı illərdə olsaydı, namizədlər çox çətin vəziyyətdə qalardı”. 

Seçki ilə bağlı KİV-lərdə keçirilən monitorinqin nəticələri də açıqlanıb. 

M.Zülfüqarlı bildirib ki, 6 dekabr-16 yanvar və 31 yanvara qədər olan dövr ərzində seçki ilə bağlı ən çox məlumat yayan media orqanı “Yeni Azərbaycan” qəzeti olub. Bu mətbu orqan 319 məlumat verib. Sonrakı yerləri isə “Trend”, “APA” və s. qurumlar tutub. Seçki ilə bağlı ən az informasiya isə “Bakinski Raboçi” və “525-ci” qəzetlərdə (təxminən 3-11 xəbər) gedib. 

AVCİYA eksperti bildirib ki, beynəlxalq qurumlar Azərbaycanda seçki ilə bağlı təbliğat-təşviqat prosesinin 23 günə endirilməsini tənqid edirdilər: 

“Tədbirində onlara söylədim ki, İspaniyada seçki təşviqatı 10 gündür, Fransada 22 gündür. Niyə ancaq Azərbaycanı tənqid edirsiniz? Mən bir vətəndaş və QHT rəhbəri olaraq öz dövlətimin yanında durmalıyam. Əslində beynəlxalq müşahidəçilər bizim bəyanatları real qəbul edirlər və hesabatlarımızın obyektiv olması ilə razılaşırlar. Qeyri-hökumət təşkilatları Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin həyata keçməsini müşahidə edirlər. Ona görə də QHT-lərin hesabatları daha obyektiv qəbul olunur, nəinki müxalifətin, yaxud hakimiyyətin hesabatları”. 

Ekspert onu da vurğulayıb ki, yaxın günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun 300-dən artıq müşahidəçisi ilə görüşlər keçiriləcək: 

“Əvvəllər onlar bizimlə görüşəndə bizə “demokratiya” dərsi keçməyə çalışırdılar, indi isə biz onlara irad bildiririk. İradlarımızın nədən ibarətdir? Məsələn, ötən prezident seçkisində müşahidə missiyasının tərkibinin əksəriyyəti məmurlardan ibarət idi. Biz onlardan xahiş etdik ki, millətin seçdiyi deputatları müşahidəçi kimi Azərbaycana gətirin. Çünki xalqımız millətin təyin etdiyi deputatların rəyinə üstünlük verirlər”.