Kreml yaxşı düşünməlidir: Suriyadakı tükənmiş bir diktatora görə…

…Bölgənin güclü ölkəsi olan Türkiyə ilə münasibətləri korlamağa dəyməz



ABŞ-ın dövlət katibi Mayk Pompeo Suriyanın İdlib bölgəsində türkiyəli hərbçilərə edilən silahlı hücumu pisləyib. Pompeo hücuma görə, Əsəd rejimini, Rusiya, İran və “Hizbullah”ı qınayıb: “Bu vəhşi hücumlara son qoyulmalıdır. NATO müttəfiqimiz Türkiyənin yanındayıq və özünümüdafiə addımlarını dəstəkləyirik”. 

Bu ölkələrin və “Hizbullah”ın Suriyada atəşkəsin pozulmasında rolu olduğunu qeyd edən Pompeo bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq, Suriyada sabitliyin təmin olunmasına ehtiyac var. Bu qərarın şərtləri pozulduğu halda beynəlxalq aləmə mənfi təsir göstərməməsi üçün ABŞ-ın müdaxiləsinin mümkünlüyünü də istisna etməyib. 



“Türkiyə isə Amerika-Rusiya qarşıdurmasından məharətlə istifadə edir”


Vaşinqtonun Türkiyəyə verdiyi dəstəklə bağlı “Şərq”ə danışan politoloq Əhəd Məmmədli deyib ki, ABŞ-ın dövlət katibi Mark Pompeo timsalında Türkiyəyə dəstəyini səmimi qəbul etmək olmaz. Ancaq ekspertin sözlərinə görə, Vaşinqtonun dəstək bəyanatı heç də Türkiyə sevgisindən irəli gəlmir: 

“Sadəcə, ara-sıra Amerika xatırlayır ki, Türkiyə onların NATO-dakı əsas müttəfiqidir. Həm də ABŞ çalışır ki, Rusiyanın İdlib səhvindən maksimum yararlanaraq, Ankaranı yenidən öz tərəfinə çəksin. Məncə, bu açıqlama ilk növbədə Moskvanı düşündürməlidir. Kreml anlamalıdır ki, Suriyadakı tükənmiş bir diktatora görə, bölgənin güclü ölkəsi olan Türkiyə ilə münasibətləri korlamağa dəyməz. Türkiyə isə Amerika-Rusiya qarşıdurmasından məharətlə istifadə edir. Ankaranın bu siyasətini düzgün hesab edirəm. Hansı ölkə ilə yaxınlaşma Türkiyənin maraqlarına cavab verirsə, Ankara hökuməti o yolu seçməlidir. Əsas olan qardaş ölkənin milli maraqlarıdır”.