Avropa Şurasının baxışları türk-islam dünyasına qeyri-adekvatdır - Millət vəkili

“Çünki həm Türkiyəyə, həm də Azərbaycana münasibətdə AŞ-nin ikili standart açıq-aşkar hiss olunur"


Prezident İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən Avropa Şurasını sərt tənqid edib. Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər.

Ölkə rəhbərinin sözlərinə görə, bu həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Məhz hökm sürən riyakarlıq və ikili standartların nəticəsidir ki, Avropa Şurasında deqradasiya prosesi gedir, təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir. Artıq bu qurum dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Ona görə də Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Azərbaycan daim siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulub və tirajlanıb. Əksər hallarda Avropa Şurasında Azərbaycan sanki geridə qalmış ölkə kimi təqdim edilir, ölkədə gedən müsbət proseslər qeydə alınmır. Zaman-zaman Azərbaycan haqqında saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Guya Azərbaycanda guya “siyasi məhbuslar” var, demokratik proseslərə əngəl törədilir ki, bunlar yalandır. 
Lakin reallıq odur ki, Azərbaycanı daim hədəf götürən AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Məsələn, təcavüzkar Ermənistanda sabiq prezident həbs olunub, ölkəyə rəhbərlik etmiş baş nazir Serj Sarkisyan hazırda istintaq altındadır. Eks-prezidentin həbsinin əsas səbəbi onların siyasi proseslərdə iştirakı, indiki hakimiyyətə qarşı tənqidi mövqeləri, Nikol Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı təzyiq və təqib metodlarından geniş istifadə etməsidir. Düşmən ölkədə indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altında saxlanılır. Siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. 
O cümlədən, qonşu Gürcüstanda sabiq müdafiə naziri İrakli Okuraşvili iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkilində ittiham olunaraq iyulun 27-də həbs edilib. Müxalif  "Qalib Gürcüstan" siyasi hərəkatının  liderlərindən olan Quram Çalaqaşvili həbs edilib. Sabiq prezident Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb. Həmçinin, Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb.
Görəsən, digər ölkələrdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında niyə qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur?! Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Olmaya Avropa Şurası bunları demokratiya nümunəsi hesab edir?! 
Bütün bunlara, ikili standartlar, riyakarlıq, qərəz, daimi təhdid siyasətinin yürüdülməsinə görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir. Ölkəmiz AŞPA-da səslənən qərəzli və uydurma iddiaların heç birini qəbul etmir və heç bir dırnaqarası tələbi icra etmək niyyətində deyil. 
Azərbaycan müstəqi dövlətdir və heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür. Rəsmi Bakı heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq. 
Avropa Şurası düşünməlidir ki, o, Azərbaycana nə qədər lazımdır. Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Azərbaycan istənilən vaxt bu qurumdan çıxa bilər. 
O da məlumdur ki, bir neçə il bundan qabaq Rusiyaya qarşı sanksiyalar tətbiq edib onu səs hüququndan məhrum edən AŞPA sonrakı mərhələdə bu ölkənin dalınca qaçdı və sonda öz qərarını ləğv etmək məcburiyyətində qaldı.

Dövlət başçısının haqlı iradlarını “Sherg.az”a dəyərləndirən millət vəkili Azər Badamov deyib ki, Avropa Şurasının baxışları türk-islam dünyasına qeyri-adekvatdır. 



Deputat vurğulayıb ki, Avropa Şurası hər zaman bu fərqi, ayrıseçkiliyi qoruyub saxlamağa çalışıb: 

“Çünki həm Türkiyəyə, həm də Azərbaycana münasibətdə AŞ-nin ikili standart açıq-aşkar hiss olunur. Məsələn, Türkiyənin Avropa İttifaqına girmək məsələsi gündəmə gələndə qardaş ölkənin qarşısında çox ağır şərtlər qoyuldu. Hətta bir çox şərtin icra olunmasına rəğmən, Avropa İttifaqı Türkiyənin önündə əngəllər törətdi. Ancaq Türkiyədən dəfələrlə zəif ölkələr Aİ-yə üzv qəbul edildilər və onlardan heç nə tələb olunmadı. Bu da türk və islam ölkələrinə olan ikili münasibətin bariz nümunəsidir”.

A.Badamovun sözlərinə görə, Avropa Şurası da eyni mövqeyi sərgiləyir: 

“Bu qurumun Azərbaycana və qardaş Türkiyəyə münasibəti qətiyyən obyektiv deyil. Çünki həm Azərbaycan, həm də Türkiyə daim öz milli-mənəvi dəyərlərini ön planda tutur və bu dəyərlərə hörmət qoyulmasını tələb edir. Lakin AŞ-nin xristian rəhbərliyi başqa toplumların dəyərlərinə saymazyana yanaşırlar. Üstünlüyü özlərində saxlamağa çalışırlar. Ancaq onlardan fərqli olaraq Azərbaycan dünyada sülh və əminamanlığın, tolerantlığın, multikultural dəyərlərin, beynəlxalq humanitar əlaqələrin inkişafında daim öz töhfələrini verib. Bu reallığı dəyərləndirmədən birtərəfli yanaşma ortaya qoymaq qərəzlidir. Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində işğalçı Ermənistana qarşı heç bir addım atmır. Bunun özü də ikili standartların təzahürüdür. Əgər AŞ-nin bu cür yanaşması olmasa, dünyada münaqişə ocaqları da yaranmaz”.