Sosial Tədqiqatlar Mərkəzi seçkilərlə bağlı monitorinq aparıb - AÇIQLAMA

“Seçki prosesi başlayandan etibarən Sosial Tədqiqatlar Mərkəzi namizədlərin dairələr üzrə apardığı təbliğat-təşviqat kampaniyası ilə bağlı monitorinqlər həyata keçirib”. 

Bunu Sherg.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib. 

Qurum sözçüsü bildirib ki, seçki dönəmində STM-nin əsas vəzifələrindən biri seçki mühiti ilə bağlı sorğu keçirməkdir: 

“Namizədlərin seçki kampaniyasını necə aparmaları, hər hansı çətinliklə qarşılaşıb-qarşılaşmaqdıqları, qanunvericiliyin tələblərinin necə qorunması və s. məsələlərlə bağlı monitorinq keçirilib. Əlbəttə ki, davam edən proses zamanı bizim monitorinq qrupları müxtəlif dairələr üzrə müxtəlif nəticələr əldə ediblər. Rəy sorğularının nəticələri sənədləşdirilərək müvafiq qurumlara yönləndirilib. Digər vacib məqam ondan ibarətdir ki, fevralın 6-da Sosial Tədqiqatlar Mərkəzinin qərargahında Rusiya KİV-ləri ilə görüş baş tutub”. 

STM təmsilçisi əlavə edib ki, Mərkəz Prezidentin həyata keçirdiyi islahatlarla bağlı da ümumi monitorinq aparıb və cəmiyyətdəki çağırışları ölçüb: 

“Çağırışların içərisində bəzi məmurların vəzifədən azad edilməsi, qanunverici orqandan narazılıqlar və s. məqamlar var idi. Seçkilərə qədər olan dövr və şəraitlə bağlı da müvafiq qurumlara arayışlar təqdim edilib”.