Azərbaycan-İtaliya münasibətləri: Əlaqələr yeni mərhələyə qədəm qoyub

Prezident İlham Əliyev fevralın 20-də İtaliyaya səfərə yollanıb. Bu dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından yüksək qiymətləndirilib. Prezident İlham Əliyev səfər çərçivəsində İtaliya Respublikasının Prezidenti, Nazirlər Şurasının Sədri, İtaliya Respublikası Senatının Sədri, İtaliya Respublikası Deputatlar Palatasının sədri ilə çox səmərəli görüşlər keçirib. Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə imzalanıb. 

Birgə Bəyannamə qarşıdakı uzun illər ərzində Azərbaycan və İtaliyanın sıx əməkdaşlığını müəyyən edən, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən vacib sənəd hesab olunur. Sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyevin İtaliya səfərini dəyərləndirən ekspertlərin fikrincə,  bu uğurlu dövlət səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yeni bir mərhələnin əsasını qoydu. 



Azər Badamov: “İtaliya Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarıdır”


Milli Məclisin digər üzvü Azər Badamov diqqətə çatdırıb ki, ölkə başçısı İlham Əliyevin İtaliyaya səfəri ölkələrimiz arasında strateji əməkdaşlıq əlaqələrinin daha da genişlənməsini şərtləndirəcək:

“Səfər çərçivəsində imzalanan sənədlər, əldə olunan razılaşmalar və səsləndirilən Birgə Bəyanat da bunu deməyə əsas verir. Siyasi baxımdan İtaliya- Azərbaycan dost ölkələrdir.  İtaliya Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarıdır. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır”.

İqtisadi sahədə də  ölkə başçısının İtaliya səfərinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan A.Badamov hesab edir ki, ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlıq mövcud olsa da, istifadə olunmamış potensial  daha genişdir: 

"Azərbaycan Cənub Qaz Dəhlizinin tikintisini başa çatdırmaq üzrədir. TAP layihəsində də demək olar, son tamamlama işləri həyata keçirilir. Hesab  edirəm ki, bu layihənin başa çatması Azərbaycan qazının İtaliyaya satılmasına imkan verəcək.  İtaliya neft məhsullarının 90 faizindən çoxunu Azərbaycandan alır. Qeyri-neft sektoru üzrə isə bu sahədə istehsal olunan məhsulların ixracı üçün İtaliya bazarında imkanlar genişlənəcəkdir. Avropanın mərkəzində yerləşən İtaliya ilə münasibətlərin genişlənməsi  Azərbaycanın Avropa İttifaqı ilə də  münasibətlərinin daha da genişlənməsinə gətirib çıxaracaq.  Beynəlxalq arenada bizə dost ölkələrin sayının çoxalması vacibdir.  Ölkəmizdə kənd təsərrüfatı və sənaye sahələrində yeni texnologiyaların tətbiqində İtaliya şirkətləri geniş iştirak edə bilərlər. İtaliya-Azərbaycan arasında qarşılıqlı investisiya qoyulması ilə bağlı razılaşmaların əldə olunması  yeni əməkdaşlıq imkanlarını daha da genişləndirəcək". Millət vəkili deyib ki, bu ilin İtaliyada "Azərbaycan ili" elan olunması da iki ölkə arasındakı mədəni əlaqələri baxımından yüksək əhəmiyyət daşıyır.  Əlavə olaraq qeyd edib: "Xarici görünüş baxımından azərbaycanlılarla italyanların bir-birinə bənzəməsi bizim mədəniyyətlərimizin də bir-birinə inteqrasiya olunması, ölkə mədəniyyətinin İtaliyada tanıdılması iki ölkə arasındakı dostluq münasibətlərini daha da genişləndirəcək. 1500-dən artıq tələbə İtaliyada təhsil  alır. Bu istiqamətdə də əlaqələri inkişaf etdirmək  lazımdır. Hesab edirəm ki, ölkə başçımızın İtaliyaya səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafını sürətləndirəcək".