Azərbaycan-İtaliya hərbi-texniki əməkdaşlığı güclənir - ŞƏRH



Bu da ölkəmizin müdafiə qabiliyyətinin inkişafına və NATO standartlarına keçidinə töhfə verəcək



"Azərbaycan-İtaliya arasında əməkdaşlıq Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərində yeni mərhələyə qədəm qoydu". Bunu "Sherg.az"a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələr İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, məhz iki ölkə arasında bağlanan müqavilələrin əsası “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”dir: "Bu bəyannamə həmçinin iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini də özündə ehtiva edir. Hesab edirəm ki, NATO ölkəsi olaraq İtaliya ilə hərbi-texniki əməkdaşlıq və müqavilənin imzalanması ölkəmizin müdafiə qabiliyyətinin inkişafına və NATO standartlarına keçidə töhfə verəcək. 



İtaliya Avropa İttifaqının üzvü kimi Azərbaycana bütün parametrlərdə dəstək verir. Bu səfərdən sonra biz rəsmi Romanın imzalanan müqavilələrə uyğun daha da siyasi dəstək verəcəyinin şahidi olacağıq. İtaliya Avropa İttifaqında öz hərbi arsenalına görə qabaqcıl ölkədir".

Politoloq hesab edir ki, İtaliya ilə hərbi müqaviləmiz ölkəmizin aviasiya sahəsində modern qırıcılara sahib olmasına yol açacaq: 

"Biz sözlə, İtaliya-Azərbaycan əməkdaşlığı ikitərəfli əlaqələrin yeni dünya nizamında uğurla davam etməsi ilə nəticələnəcək".