Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. Sahibə Qafarova yeni Milli Məclisin sədri seçilib. Qeyd edək ki, qadının spiker seçilməsi Azərbaycan parlamentarizm tarixində ilk haldır.
Dəyişikliyi müsbət qiymətləndirən hüquq müdafiəçisi Səidə Qocamanlı “Sherg.az” bu seçimdən çox sevindiyini dilə gətirib:
“Sahibə xanımı şəxsən tanıyıram. Strasburqda onunla birlikdə konfransda olmuşuq. Əminəm ki, Sahibə Qafarova özünün yüksək insani keyfiyyətləri, o cümlədən alicənablığı ilə bu vəzifənin də öhdəsindən layiqincə gələcək. İkinci bir tərəfdən isə belə məsuliyyətli vəzifəyə qadının təyin edilməsi artıq xanımların cəmiyyətdəki yeri və rolundan xəbər verir”.