Vitse-spiker yeni modeldən DANIŞDI: "Hər kəsin məsuliyyəti artır" 

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. “Sherg.az” xəbər verir ki, Prezident İlham Əliyev iclasda iştirak edib. Toplantıda nitq söyləyən ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısı hazırda Prezident Administrasiyasında başqa vəziyyət olduğunu bildirib:

“Hesab edirik ki, hansısa icra başçısı ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları.

İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır.

Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.



Prezidentin fikirlərini müsbət dəyərləndirən Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli “Sherg.az”a bildirib ki, ölkə başçısının dediyi bütün sözlərdə haqq-ədalətin cəmiyyət həyatına daxil olması öz əksini tapıb:

“Cənab Prezidentin çıxışının arxasında dövlətə və millətə xidmət, xalqın rifahının yaxşılaşdırılması, iş prosesində obyektivlik, məmur məsuliyyətinin artırılması dayanır. Prezident vətəndaş mövqeyinin, xalq-hakimiyyət birliyinin güclənməsinə dair çoxlu fikirlər səsləndirdi. Ölkə başçısı bütün bunları tezislər formasında dedi. Əslində başlanmış işin davamı, yeni parlamentin formalaşması və qarşısında duran vəzifələr, bu vəzifələrin xalqa və dövlətə xidməti gündəmə gətirildi.

Daxili və xarici siyasətdə, iqtisadi məsələlərdə prezidentin irəli sürdüyü çıxış proqram xarakterli idi. Güman edirəm ki, bu məsələlərin reallaşması dövlətimizin daha da güclənməsinə, xalqın rahat həyatına və hər kəsin məsuliyyətinin artmasına rəvac verəcək”.