Prezident İlham Əliyev 2020-ci ilin ilk 3 ayının yekunlarına dair keçirdiyi videomüşavirədə bir sıra mühüm məsələyə toxunub. Əsas mövzulardan biri də Münhen Təhlükəsizlik Konfransındakı tarixi debat idi. Dövlət başçısı konfrans çərçivəsində təşkil olunmuş debatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərim dünyaya çatdırılmasına imkan verdiyini deyib:
"Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm də münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Bir daha göründü ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Azərbaycanın mövqeyi tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır".
Sözügedən debatın əhəmiyyəti barədə "Sherg.az"a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, artıq erməni təbliğatı darmadağın olunub:
"Cənab Prezident açıq tonla elan edib ki, Azərbaycanın məqsədi və siyasəti ərazi bütövlüyünü bərpa etmək, orada yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən insanlara digər vətəndaşlar səviyyəsində hüquq və imtiyazlar verməkdir. Bunlar təxmini siyasi əsasları yaradan mənzərədir. Yəni dövlət başçısı bir neçə cümlə ilə öz qətiyyətli mövqeyini ortaya qoydu. Nəticədə isə Ermənistan saxtakarlıqları ifşa olundu, mifologiyaya son qoyuldu".