Avropa Şurasının Baş katibi Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qarşılayıb


Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qarşılayıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

"Bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Azərbaycan Ali Məhkəməsi tərəfindən bəraət alması təqdirə layiqdir. Avropa Şurası Nazirlər Komitəsinin dəfələrlə vurğuladığı kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası onlara qarşı irəli sürülən cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını tələb edir. Məhkəmə qərarlarının icrasına nəzarət kontekstində bu addım Komitə tərəfindən nəzərdən keçiriləcək. Avropa Şurası Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə hər zaman hazırdır", - deyə Baş katibin bəyanatında deyilir.

Qeyd edək ki, Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədovun cinayət işi üzrə şikayətə baxılıb. Prosesdə elan edilən qərara əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Ali Məhkəmənin qərarı ilə mənəvi zərərə görə İlqar Məmmədova 234 min manat təzminat ödənəcək.

Ali Məhkəmənin plenumunda həmçinin İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə verilən şikayətə baxılıb. Qərara əsasən, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Ali Məhkəmənin qərarı ilə r. Cəfərova 57400 manat təzminat ödənəcək.