Zülfüqarov: Rusiya Qarabağdan geri çəkilir: yeni situasiya... - Video


Qarabağla bağlı son danışıqlar və digər davranışlardan məlum oldu ki, Rusiyanın köhnə strategiya və taktikasına uyğun olaraq konfliktlərin olduğu regionlarda sadəcə özünü göstərmək siyasəti var. Bütün bunlar ona işarə edir ki, Rusiya bundan sonra daha çox öz problemləri ilə məşğul olacaq. Cənubi Qafqazdakı münaqişələr də daxil olmaqla, konfliktlər artıq onun üçün əhəmiyyət kəsb edən məsələlərdən uzaq olacaq.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-a açıqlamasında deyib.

Diplomat xatırladıb ki, Rusiya üçün ciddi məsələ kimi Ukrayna və Belarus qalıb:

“Hesab edirəm ki, bütün güc və imkanlarını ora yönəldəcək. Zənnimcə, Mixail Saakaşvilinin Ukrayna hökumətinə dəvət edilməsi onu göstərir ki, Rusiyadan uzaqlaşma prosesləri daha da güclənəcək. Lukaşenko-Moskva əlaqələrinə də nəzər salmaq olar. Uzağa getməyək, elə Rusiya Baş naziri ilə Çeçenistan rəhbərliyi arasında olan münaqişə...

Bütün bunlar daxili böhranın göstəriciləridir. Belə vəziyyətdə Ermənistanın ambisiyalarını dəstəkləyən tapılacaqmı? Təbii ki, Sergey Lavrov istisna olmaqla. Mən buna inanmıram”.

Tofiq Zülfüqarov ehtimal edir ki, Rusiya Ukraynada, Abxaziya, Osetiya, Dnestrayanı bölgədə, elə Qarabağ konfliktində tutduğu mövqedən tədricən geri çəkiləcək:

“Bu proses artıq görsənir. Abxaziyada gedən proseslər, Şimali Osetiyada olan hadisələr, Rusiya-Qazaxıstan arasında gərginliklərin meydana çıxması... Yəni yetərincə belə hadisələri saymaq olar. Bu mənada yeni şərait yaranırsa, ona uyğun yeni siyasət olmalıdır”.