Elman Nəsirov: “YAP –da mütəmadi “olaraq dəyişikliklər, yeniliklər baş verir”
“Cənab Prezidentin siyasi iradəsi sayəsində, onun təşəbbüsü ilə ölkəmizdə irimiqyaslı, hərtərəfli, ardıcıl və sistemli islahatlar kursu həyata keçirilir”.
Bunu “Sherg.az”a açıqlamasında YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, millət vəkili, professor Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, islahatlar qanunverici hakimiiyyət, məhkəmə-hüquq sistemi, icra hakimiyyətləri əhatə edir:
“Dəyişikliklər ciddi kadr islahatları ilə müşayiət olunur. Dövlət başçısının prinsipial mövqeyi hər kəsə bəllidir. Prezident yeni icra başçılarını qəbul edərkən hər zaman vurğulayır ki, ləyaqətlə xidmət edin, vətəndaşların yanında olun və sahibkarlara dəstək verin. Əslində Prezidentin bu tapşırıqları sadəcə yeni kadrlara deyil, eyni zamanda hazırda vəzifə başında olan icra başçılarına da aiddir. Ölkə rəhbərinin göstərişlərindən nəticə çıxarmayanlar cəzalandırılır. Bugünədək 5 rayonun icra başçısı həbs olunub.
Vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, rüşvət və korrupsiyaya, kasıb təbəqə üçün ayrılmış yardımlara əl uzatdıqlarına görə, onlara cinayət işi açılıb. Təkcə icra başçıları yox, mərkəzi icra orqanları ilə bağlı da ciddi siqnallar var. Şübhəsiz, həmin qurumlarla bağlı da ciddi ölçülər götürüləcək. Bugünlərdə Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar bunu təsdiqləyir.
Həbs olunan icra başçıları, yaxud nazir müavinləri arasında hakim Yeni Azərbaycan Partiyasının nümayəndələrinin olması ilə bağlı sosial şəbəkədə müxtəlif müzakirələr gedir. Əgər hansısa dövlət məmuru cinayət yolunu seçibsə, artıq onun dini, imanı və partiya mənsubiyyəti olmur”.
Parlament üzvü bildirib ki, o cür adamları sadəcə varlanmaq düşündürür:
“Onlar üçün dövlət və milli maraqlar əhəmiyyət kəsb etmir. Sadəcə öz mədələrinə və ciblərinə xidmət edirlər. Ona görə də həbslərə partiya mövqeyindən yanaşmaq düzgün olmazdı. Bəzən irad bildirirlər ki, həbs olunan şəxslər YAP-dan çıxarılmır. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə saxlanılmış şəxslərin cinayətləri məhkəmə ilə sübut edilməyənədək onlar cinayətkar hesab olunmur. Bəlkə məhkəmə prosesində həmin şəxs öz suçsuzluğunu isbat edəcək?!
Məhkəmənin yekun qərarından sonra həbs olunan şəxslərin YAP-ın sıralarından xaric edilib-edilməməsinə baxılacaq. Əgər törətdikləri cinayətlər sübuta yetirilsə, təbii ki, bu insanlar YAP-da qala bilməyəcək. Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar hərtərəflidir, bütün sahələri əhatə edir. Xüsusən, hazırda siyasi islahatlara üstünlük verilməkdədir.
Partiyalararası dialoq prosesinə də start verilib. Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyası kadr islahatlarından kənarda qalmayıb. Hakim partiyada mütəmadi olaraq dəyişikliklər, yeniliklər baş verir. Gənclər yüksək vəzifələrə gətirilir. Partiyamızda islahatlar kursu daha da dərinləşəcək”.