“Hazırda nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda son illərdə daha da açıq şəkildə dövlət səviyyəsində etiraf edilir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat bildirib ki, 75 il bundan əvvəl 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm təhlükəsindən xilas edib:
“Bu mübarizədə milyonlarla insan, dövlətlər böyük zərər görüb. Lakin təəssüflər olsun ki, Ermənistan bütün bu mübarizəni heçə sayaraq, bu şərəfli yolda qəhrəmancasına həlak olmuş insanların ruhuna hörmətsizlik edərək, bu gün faşist ideyalarını yaşatmağa çalışır. Bu gün artıq sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir. Faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni faşistlər və nasistlər “qəhrəman” kimi sırınır. Onlara abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə onların adları verilir. Cənubi Qafqazın bu ölkəsində faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi və hiddətləndiricisi odur ki, “Njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə edilir”.
Parlament üzvü vurğulayıb ki, son günlərdə Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, bu ölkənin baş naziri Nikol Paşinyanın babası İkinci Dünya Müharibəsi zamanı SS sıralarında xidmət edib:
“Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin saytında belə bir məlumat yer alıb ki, guya müharibədə Yenakavan kəndindən Nikol Paşinyan ad-soyadlı iki adam iştirak edib. Ermənistan KİV-ləri yazırlar ki, guya onlardan biri SS sıralarında, digəri SSRİ ordusunda xidmət edib, baş nazirin babası nasistlərin tərəfdarı olmayıb. Halbuki, Abverqrup 114-də aparılan agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, "Njde" təxəllüsü ilə nasistlərə xidmət edən emiqrant Ter-Arutyunyanı aşkar edib və yaxalayıblar. Böyük Vətən müharibəsi illərində Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə ermənini fəaliyyətə cəlb edib, onların Qızıl Ordunun arxa cəbhəsində diversiya hazırlığında iştirak edib”.
Milli Məclisin üzvü vurğulayıb ki, əks-kəşfiyyat baş idarəsinin əməkdaşları tərəfindən 17 Njde tərəfdarının yaxalanaraq onların terror aktı törətmələrinin qarşısı alınıb:
“Bununla da Qareqin Njde yalnız nasistlərin məxfi agenti deyil, həm də döyüşən ordunun arxa cəhbəsində diversiya-terror aktları törətmək üçün cəlb edən şəxs olub. Belə olan təqdirdə ermənilər tarixin onlara məxsus bu qara səhifələrini nə qədər dəyişdirməyə çalışsalarda, bu onların alnına yazılan qara ləkə kimi qalacaq. Tarixin bu səhifələrinə nəzər salıb bir daha əmin oluruq ki, ermənilərin faşizmi təbliğ etməsinin kökündə onların mənfur xisləti dayanır”.