“Əminik ki, İran tərəfi qarşıdakı dövrdə bu sazişin şərtlərinə tam əməl edəcək”
“Əməl etməyəcəksə, bu da İranla qonşuluq münasibətlərimizin pozulmasına gətirib çıxara bilər”
“Tehran hökuməti Azərbaycan kimi çox önəmli bir qonşu dövlətlə münasibətləri korlamağa risk etməz”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, 23 fevral 2016-ci ildə Azərbaycanla İran arasında bağlanan “Saziş”ə Azərbaycanın strateji maraqlarına zidd olan bir sənəd kimi qiymət verməyə tələsmək lazım deyil:
“Qonşuluq münasibətlərində o qədər də etibarlı ölkə kimi tanınmayan İranın molla hakimiyyəti bu layihəni illər öncə dəfələrlə reallaşdırmağa çalışıb. Özü də Azərbaycanın mövqeyi nəzərə alınmadan və ölkəmizin bu layihədə iştirakı nəzərdə tutulmadan buna cəhd edib. Lakin dönəmin müdrik siyasətçisi, tarixin ən mürəkkəb dövrlərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev rəsmi Tehranın bu planlarına mane olub. 2016-cı ildə İranla Azərbaycan arasında imzalanan məlum saziş isə həmin layihənin İran-Ermənistan layihəsi kimi gerçəkləşməsinin qarşısını alıb. Beləliklə, layihənin İran-Azərbaycan birgə layihəsi müstəvisinə keçirilməsinə zəmin yaradıb. Başqa sözlə desək, bu layihə indi İranla Azərbaycanın qarşılıqlı yurisdiksiyasına aiddir”.
Ə.Hüseynovun sözlərinə görə, Azərbaycanın bu addımı erməni işğalçılarının sözügedən hidroqovşaqdan faydalanmasının qarşısını almağa hesablanıb:
“Bu məqam sazişin mətnində də açıq şəkildə öz əksini tapıb. Belə ki, sazişdə qeyd edilib ki, tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir. Biz əminik ki, İran tərəfi qarşıdakı dövrdə bu sazişin şərtlərinə tam əməl edəcək. Əgər əməl etməyəcəksə, bu da İranla qonşuluq münasibətlərimizin pozulmasına gətirib çıxara bilər”.