“ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır” - Deputat

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlamasını ölkə başçısının rəhbərliyi altında Azərbaycanda aparılan daxili və beynəlxalq siyasətin uğuru hesab edirəm”.

Bunu “Sherg.az”a açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, təbrik məktubu ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir: 



“ABŞ-Azərbaycan əməkdaşlığı eyni prinsip və baxışlar üzərində formalaşdığından hər ötən gün daha da möhkəmlənməkdədir. Bu əməkdaşlıq beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, mənbələrini şaxələndirmək, iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə 30 ildir ki, davam edir. Prezident Trampın təbrik məktubunda Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında və koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın yanında olduğunu qeyd edir. Bu bir daha onu göstərir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Həm də pandemiya ilə mübarizədə ABŞ-ın Azərbaycanın yanında olduğunu vurğulaması COVID-19-a qarşı aparılan mübarizə tədbirlərinin yüksək təşkil olunduğunun dəyərləndirilməsi kimi başa düşülür”.