Millət vəkili: "Paşinyanın düşüncə tərzi, dünyaya baxışları, faşizm ideologiyası ilə üst-üstə düşür"

“İlk növbədə ABŞ-da ermənilərin faşizmə xidmət edən tarixi sübutları ictimailəşdirdikləri üçün, Azərbaycanın Los-Anjelesdəki Baş konsulluğunun əməkdaşlarına təşəkkür edirəm”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın babasının İkinci Dünya Müharibəsində Hitlerin yaxın silahdaşlarından olan general Qaregin Njdenin faşist dəstəsində vuruşduğu barədə rəsmi sənədlər mətbuatda dərc edildi: 

“Məhz bundan sonra dünya ictimaiyyətinə məlum oldu ki, Nikol Paşinyan nəyə görə faşist cəlladı Njdenin heykəlinin İrəvanın mərkəzində qoyulmasını müdafiə edir. Deməli, əvvəldən erməni baş nazirin düşüncə tərzi, onun dünyaya baxışları, faşizm ideologiyası ilə üst-üstə düşür. MDB dövlət başçılarının Aşqabad sammitində Azərbaycan Prezidenti İlham Əliyev dünya ictimaiyyəti qarşısında, faşizm ideyalarının ümumbəşəri ideyalara zidd olduğunu, ermənilərin faşistləri “qəhrəmanlaşdırmaqla” insanlığa xəyanət etdiklərini açıq şəkildə bildirdi. Cənab Prezident Ermənistan hökumətinin yalnız o heykəli götürməklə günahlarını yuya biləcəklərini söylədi”. 

Parlament üzvü bəyan edib ki, aşkar olunan tarixi faktlar bir daha göstərdi ki, faşizm Ermənistanın dövlət siyasətidir: 

“Ermənistan dövlət səviyyəsində faşizmi təbliğ edir. İndi söz beynəlxalq ictimaiyyətindir. Normal məntiqlə  Ermənistana layiq olduğu yer göstərilməlidir. Biz isə dövlət olaraq bu istiqamətdə işlərimizi daha da genişləndirməliyik. Erməni faşistləri tarixdə kifayət qədər mənfi iz buraxıblar. Onları öz silahları ilə vurmalıyıq”.