“Planlarımızı hücum diplomatiyası üzərində qurmalıyıq”

"Ölkəmizin beynəlxalq hüquq normalarına söykənən haqlı mövqeyini nüfuzlu təşkilatlar qarşısında qoymalı və müdafiə etməliyik” 


“Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstan üzrə həmməruzəçilərinin Ermənistanın işğalçılıq, faşist siyasətini davam etdirərək Azərbaycanın işğal edilmiş torpaqlarında üçüncü yol çəkilişi cəhdinə obyektiv mövqe nümayiş etdirməsi çox mühüm məsələdir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Ramil Həsən deyib. 

Deputat bildirib ki, bu, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyasının ən gözəl, xüsusi uğurlarından biridir: 

“Dünyada ikili standartların mövcud olduğu, münasibətlərin maraqlar çərçivəsində qurulduğu bir dövr ərzində ədalətli, prinsipial mövqe nümayiş etdirilməsi, bəyanatda Azərbaycanın ərazi bütövlüyünü açıq-aydın şəkildə ifadə edən terminlərin öz əksini tapması Azərbaycanın haqq səsinə verilən önəmli bir dəstəkdir. AP məruzəçilərinin verdiyi bəyanat fonunda işğalçı və şovinist Ermənistanla bağlı mövqeyin ifadə edilməsi Avropa Şurasını və Avropa Şurası Parlament Assambleyasını hərəkətə gətirməlidir. Eyni zamanda digər beynəlxalq təşkilatlar dünyanın ən önəmli strukturlarından biri olan Avropa Parlamentindən nümunə götürməlidir. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mövqelərini sərgiləməlidirlər. Təəssüflər ki, biz hələ də bunun şahidi olmuruq. Ölkə başçısının üç modul tipli xəstəxanaların açılışında ifadə etdiyi kimi AŞPA hələ öz qərəzli mövqeyindən əl çəkmir. Qurum ölkəmizə qarşı ikili standartlardan yanaşır. Bu prizmadan baxdığımız zaman aydın şəkildə ifadə etmək lazımdır ki, Avropa Parlamentinin bəyanatı ölkəmizin xarici siyasət strategiyasının yeni uğurudur. Prezident əbəs yerə dəfələrlə vurğulamır ki, Azərbaycan hücum diplomatiyasına önəm verməlidir. Bütün addımlarımızı hücum diplomatiyası üzərində qurmalıyıq”. 

Parlamentari bəyan edib ki, ölkəmizin beynəlxalq hüquq norma və prinsiplərinə söykənən haqlı mövqeyini beynəlxalq təşkilatlar qarşısında qoymalı, müdafiə etməliyik: 

“Öz mövqeyimizi daha açıq-aydın şəkildə irəli sürməliyik. Hücum diplomatiyasının bütün imkanlarından maksimum istifadə etməliyik. O zaman digər beynəlxalq təşkilatlar da Avropa Parlamentinin və ifadə etmiş olduğu obyektiv bəyanata uyğun mövqe sərgiləyəcək. Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Bugünki Ermənistan da cənab Prezidentin xüsusilə vurğuladığı kimi tarixi Azərbaycan torpaqları üzərində qurulmuş bir dövlətdir. Yaddan çıxartmamalıyıq ki, beynəlxalq hüquqda göstərilmiş “dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı” prinsipi hər zaman xalqların müqəddəratını təyin etmə çərçivəsində əsas götürülərək həyata keçirilib. Bu baxımdan Avropa Parlamentinin məruzəçilərinin mütərəqqi fikirlərlə çıxış etməsi ölkə rəhbərliyinin həyata keçirdiyi xarici siyasət strategiyasının və hücum diplomatiyasının ən uğurlu amilidir. Ona görə də hər bir vətəndaş bu siyasətdə aktiv iştirak etməlidir”. 

Ramil Həsən qeyd edib ki, hamımız cənab Prezidentin hücum diplomatiyasına dəstək verməliyik: 

“Millət vəkili kimi bir məqamı vurğulamaq istəyirəm. Azərbaycan parlamentinin 82 dövlətlə qurmuş olduğu dostluq qrupları və beynəlxaql parlament təşkilatlarındakı Azərbaycan nümayəndələri də dövlət başçısının atdığı addımları yol xəritəsi kimi qəbul etməlidir. Sona qədər mübarizə aparmalıyıq, çünki biz haqlıyıq və Qarabağ Azərbaycandır”.