“Erməni işğalı beynəlxalq səviyyədə etiraf və mühakimə olunur”-  “Soyuq duş” effektli bəyanat !

“Bu onu göstərir ki, artıq Avropa təsisatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qeydsiz-şərtsiz qəbul edir və həm də qınayırlar”

“Avropa Parlamentinin bəyanatı Ermənistan rəhbərliyi üçün sözün həqiqi mənasında “soyuq duş” oldu”




“Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin, eləcə də bu qurumun Parlament Əməkdaşlığı Komitəsinin Cənubi Qafqaz ölkələri üzrə həmsədrinin birgə bəyanatı problemin sülh yoluyla tənzimlənməsinin beynəlxalq hüquq aspektindən dəstəklənməsi kimi dəyərləndirilməlidir”. 
Bu barədə “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Partiya rəhbəri bildirib ki, bəyanatda rəsmi İrəvanın işğal olunmuş Qarabağı Ermənistanla birləşdirən üçüncü yolun tikilməsi barədə qərarının kəskin tənqid edilməsi və “Azərbaycanın işğal altında olan əraziləri” ifadəsinin yer alması faktı erməni işğalının beynəlxalq səviyyədə etiraf və mühakiməsi deməkdir: 

“Bu onu göstərir ki, artıq Avropa təsisatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qeydsiz-şərtsiz qəbul edir və həm də qınayırlar. Odur ki, bu bəyanatın Ermənistanda şok effekti yaratması tamamilə təbiidir. Avropa Parlamentinin bəyanatı Ermənistan rəhbərliyi üçün sözün həqiqi mənasında “soyuq duş” oldu.



Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində həllinə çağırışın açıq şəkildə əks olunması Nikol Paşinyan və Zöhrab Mnatsakanyan üçün diplomatik nokaut sayıla bilər.

Çünki bu erməni cütlüyü indiyə qədər bütün açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin yalnız millətlərin öz müqəddəratını təyinetmə prinsipi əsasında həll oluna biləcəyini israrla vurğulayırdılar.

Lakin reallıq isə bir daha hamıya məlum olan həqiqəti təsdiqlədi ki, beynəlxalq hüquq birmənalı olaraq hər zaman ərazi bütövlüyünün bərpası tələbi ilə çıxış edən Azərbaycanın tərəfindədir.

Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi illüziyalarla yaşamamalıdır. Paşinyan reallıq hissini itirməməlidir. Əks halda Ermənistan bu gedişlə beynəlxalq birliyin etimadını tamamilə itirmiş bir ölkəyə çevriləcək”.