"Abxaziyada yaşayan bir ovuc erməninin orada öz muxtariyyətlərini elan etmək istəkləri bəlkə də gürcülər üçün gözlənilməz bir yenilik və şok hadisə ola bilər, amma bizim üçün deyil".
Bunu "Sherg.az"a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, ermənilər Gürcüstanın Cavax bölgəsi və Abxaziya regionundan hələ çox-çox öncə, məhz Azərbaycana qarşı torpaq iddiası ilə çıxış ediblər:
"Biz ermənilərin alçaq xislətinə hamıdan yaxşı bələdik. Çox istərdik ki, yaxın qonşumuz və strateji müttəfiqimiz olan gürcülər bizim acı təcrübəmizdən özləri üçün nəticə çıxarsınlar. Erməni separatizminin baş qaldırmasına, güclənməsinə yol verməsinlər. Əks halda, gürcülərin sonrakı peşmançılığı heç bir fayda verməyəcək. Yayılan məlumatlara görə, erməni separatçıları artıq Abxaziyada öz “dövlət”ciklərinin – “erməni Abxaziyası”nın adını da düşünüb, xəritəsini də cızıblar. Bu gün Abxaziyada cəmi 60 min erməni yaşamasına baxmayaraq, onlar bölgədə kifayət qədər təşkilatlanıb və mütəşəkkil, ciddi qüvvəyə çevrilə biliblər. Odur ki, indi həmin ermənilər çox rahatlıqla Abxaziyada “yeni erməni dövləti” qurmaq üçün müxtəlif təşəbbüs qrupları yaradırlar".
Ə.Hüseynovun sözlərinə görə, bu işlərin hamısı rəsmi İrəvan tərəfindən gizli şəkildə tənzimlənir:
"Eçmiədzin kilsəsi də bu məsələdə çox önəmli rol oynayır. Bu gün ermənilər tərəfindən Azərbaycan və Türkiyə ilə bərabər, Gürcüstana və Rusiyaya qarşı ərazi iddialarının hamısının arxasında məhz erməni kilsəsinin çox fəal rolu var. Erməni separatizmi və erməni terrorizminin ideya müəllifi, “xaç atası” erməni kilsəsidir".