“Azərbaycan, Gürcüstan və Ermənistan Rusiya və İranın iştirakı olmadan “Qafqaz Evi” yaratmağa nail olsalar, dünyanın barmaqla göstərilən “dövlətlər birliyinə” çevirilə bilərlər”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bildirib ki, Dağlıq Qarabağ problemi bütün Qafqazın inkişafını tormozlayan amildir:
“3 qafqaz ölkəsinin siyasi birliyi proseslərin istiqamətini dəyişə bilər. Birliyin yaranması üçün bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür. Ermənistan işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etməli, iddialarına son verməlidir”.
Politoloq qeyd edib ki, ilkin mərhələdə Rusiya və İranın oyundankənar qalmasından narahat olmaq lazım deyil:
“İttifaq gerçəkləşəndən sonra bu iki ölkə Qafqazla keyfiyyətli münasibətlər qurmağa can atacaq. Rusiyanın Avropa ilə münasibətlərinin sürüşkən və problemli olması onu Qafqaza xüsusi yanaşmağa məcbur edəcək. İran da öz növbəsində bizdən həyatı asıllığı olan ölkədir. Güclü Qafqaz iranın 3 qat inkişafı deməkdir”.