“Hesab edirəm ki, dövlət başçımızın təşəbbüsü baş tutacaq”
"Bu da növbəti dəfə Azərbaycana diplomatik uğur qazandırmaqla yanaşı ölkəmizə beynəlxalq dəstək deməkdir”
Məlum olduğu kimi Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Artıq 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.
Mühüm təşəbbüslə bağlı "Sherg.az"a danışan politoloq Məhəməd Əsədullazadə bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq münasibətlər sistemində özünəməxsus rolu var.
Siyasi şərhçi vurğulayıb ki, bu imkan verir ki, ölkəmiz yeni çağırışlara və siyasi nizamın formalaşmasına müəyyən töhfələr versin:
"Məhz bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevın Qoşulmama Hərəkatının sədri kimi yeni sessiyanın keçirilməsi üçün BMT Baş katibinə müraciət etməsi ölkəmizin mövqeyini aparıcı olduğunu göstəricisidir. Həqiqətən də bu gün dünyada çox ciddi geosiyasi qarşıdurmalar və pandemiyanın yaratdığı siyasi-iqtisadi çətinliklər var. Hesab edirəm ki, Prezidentin bu təşəbbüs baş tutacaq. Dünyanı narahat edən qlobal məsələlər məhz birgə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün yeni planlar qəbul edəcək".
Analitikin sözlərinə görə, belə bir beynəlxalq təşkilatda Azərbaycan Qarabağ münaqişəsini bir daha beynəlxalq müstəvidə müzakirə edə bilər:
"Bu da növbəti dəfə Azərbaycana diplomatik uğur qazandırmaqla yanaşı ölkəmizə beynəlxalq dəstək deməkdir. Belə bir təşəbbüsün baş tutması Azərbaycanın uğuru olacaq".