“Həmsədrlər nəticə çıxarmalıdırlar"

“Onlar mütəmadi olaraq XİN rəhbərləri arasında nəticəsiz görüşlər keçirməklə məşğuldur”

“Çünki hər üç dövlətə nəticə lazım deyil, onlar üçün əsas prioritet status-kvonun saxlanılmasıdır"



"Nikol Paşinyan işğal bölgəsinə qondarma seçkilərin inaqurasiyasına gedir, Minsk qrupu susur. İşğalçı ölkə məskunlaşma aparır, Minsk qrupu yenə susur. Prezident yerli telekanallara müsahibəsində bu kimi məsələlərə toxunaraq Minsk qrupu dövlətlərinə çox ciddi mesajlar ünvanlayıb". 
Bu sözləri "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasət elmləri namizədi politoloq Zaur Məmmədov deyib. Politoloqun fikrincə, bu susqunluq Minsk qrupunun bir təşkilat kimi beynəlxalq imicinə xələl gətirir. Bununla yanaşı, orada təmsil olunan dövlətlərə qarşı ərazi bütövlüyü pozulmuş xalqlar tərəfindən heç də müsbət olmayan obraz formalaşdırır: 

"Həmsədr ölkələrin əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinə imkan verməməkdir. Ona görə də onlar mütəmadi olaraq XİN rəhbərləri arasında nəticəsiz görüşlər keçirməklə məşğuldur. Çünki hər üç dövlətə nəticə lazım deyil, onlar üçün əsas prioritet status-kvonun saxlanılmasıdır".




Z.Məmmədov hesab edir ki, ölkə başçısı ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu vurğulamaqla bir növ  düşmən dəyirmanına su tökənlərə yerlərini göstərmiş oldu: 

"Beynəlxalq hüququn və tarixin Azərbaycanın yanında olmasını, görüşlərin səmərəsiz keçdiyi və Minsk Qrupunun fəaliyyətsizliyi məsələsinə Prezident İlham Əliyev xüsusi diqqət çəkib. Bu fəaliyyətsizlik, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib. Lakin Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı Prezidentin prinsipial mövqeyi odur ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Dağlıq Qarabağ əzəli torpağımızdır və beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bununla əlaqədar aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul edib və ərazi bütövlüyümüzü dəstəkləyiblər. Bütün bunlara rəğmən, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu bu illər ərzində mənasız fəaliyyətlə məşğul olmaqda davam etməkdədir.

Həmsədrlərin bu günədək münaqişə tərəfləri arasında təşkil etdiyi görüşlərin də demək olar ki, hamısı nəticəsiz başa çatıb. Zənnimcə, Azərbaycan Prezidentinin söylədikləri real vəziyyətin obyektiv şəkildə bəyan edilməsidir. Nəticəni isə, həmsədrlər çıxarmalıdırlar".